Bayrağımızın Ay `problem`i - Müsəllim Həsənov yazır

  27 Fevral 2017    Oxunub: 11355

Son günlər sosial şəbəkələrdə Azərbaycanın dövlət bayrağının şaquli vəziyyətdə necə asılmalı olduğu barədə yenidən diskussiyalar başlayıb. Müstəqilliyinin 26-cı ilini yaşayan dövlətin bayrağının necə asılması məsələsi, əslində, müzakirə (və təəssüf ki, bəzən mübahisə!) predmeti olmamalıdır. Amma bizdə olur. Özü də bir az əsəbi, bir az çılğın...

Bu müzakirələrdə ssenari müəllifi olduğum “Əbədi ezamiyyət” filmindən kadrlara xüsusi diqqət yetirildiyindən və fikir mübadiləsinin bu fakt ətrafında getdiyindən məsələyə münasibət bildirmək qərarına gəldim. Xatrıladım ki, filmdə qəhrəmanlar şaquli vəziyyətdə asılmış bayrağın fonunda danışırlar. Bəri başdan deyim ki, filmdə gedən kadrlarda bayraq düzgün asılıb. Bəs onda vaxtaşırı belə müzakirə və mübahisələrin ortaya çıxmasının səbəbi nədir?

Səbəbi odur ki, 2005-ci il martın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib. Amma bu qərarda bayrağın şaquli vəziyyətdə necə asılması haqqında söhbət açılmayıb. Ona görə də bayrağı şaquli vəziyyətdə kim necə istəyib, elə də asıb. Hətta ayrı-ayrı rəsmi tədbirlərdə bayrağımızın müxtəlif formalarda asıldığını göstərən foto-video kadrlar indi də internetdə var.

Nazirlər Kabineti bu dolaşıqlığa yalnız 8 il sonra – 2013-cü ildə aydınlıq gətirib. Oktyabrın 29-da “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında” yeni qərar qəbul olunub. Həmin qərarla əvvəlki qaydalara xüsusi maddə əlavə edilib: "12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir”.

Lakin bu qərarda da bir çatışmazlıq qalıb. Bayrağın rəngləri məsələsi aydınlaşdı, bəs ay-ulduz necə olmalıdır? Şaquli asılan bayraqda ay işarəsi üzü aşağı, yoxsa üzü yuxarı olmalıdır?

Bu sual da təxminən iki ilə yaxın açıq qalıb və nəhayət, 2015-ci ilin mayında, ölkəmizdə Avropa oyunlarının keçirilməsi ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC bu məsələyə aydınlıq gətirib. Agentliyin həmin il mayın 29-da yaydığı “Dövlət bayrağından düzgün istifadə edilməlidir” adlı yazıda dövlət bayrağından düzgün istifadə variantları rəngli fotoşəkillər vasitəsilə təqdim edilib: “...Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır”.

Bununla da dövlət bayrağının şaquli asılma qaydasına, sanki aydınlıq gətirilib. Lakin gətirilibmi? Məncə, yox!

Çünki bu izahat təlimat deyil, dövlət informasiya agentliyinin yaydığı məlumatdır və deməli, məcburi xarakter daşımır.

Ona görə də yəqin ki, Nazirlər Kabineti bu qaydanın məcburi xarakter alması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda yeni bir dəyişiklik etməli və bu müddəaları ora daxil etməlidir. Əks halda müzkirə və mübahisələr davam edə bilər.

Nəhayət, sosial şəbəkələrdə gedən müzakirələrin başqa bir məqamı haqqında. Nədənsə çoxları Nazirlər Kabinetinin təlimatını qəbul edir, amma burda hansısa məntiqsizlik görürlər. Nədir məntiqsizlik? Bu barədə konkret bir şey deyən yoxdur.

Zənnimcə, biz təlimatı əsas götürərək bayrağımızı göstərilən qaydada düzgün asmalıyıq. Yəni normal cəmiyyətlərdə olduğu kimi qanuna əməl etməliyik. Yox əgər o qanun (indiki halda Nazirlər Kabinetinin qərarı) məntiqə, hansısa tarixi ənənəyə, yaxud prinsipə uyğun deyilsə və ya səhvdirsə, onu sivil yolla düzəltmək lazımdır. Məsələn, müraciət etməklə, müvafiq müzakirə aparmaqla Nazirlər Kabinetinin qərarının dəyişdirilməsinə nail olmaq mümkündür. Yoxsa “belə olmaz”, “səhvdir” məntiqi özü məntiqsizlikdir!

Teqlər: #Bayraq   #NazirlərKabineti   #QanundaBoşluq