“E” hökumətin (Ə)dliyyə variantı- ARAŞDIRMA

 “E” hökumətin (Ə)dliyyə variantı- ARAŞDIRMA
  14 Noyabr 2014    Oxunub:3543
Yaxın qohumlarımdan biri, bir neçə həftə əvvəl mənə nikahın pozulması üçün köməklik etməyim üçün xahiş etmişdi. Problemi dinlədikdən sonra bəlli oldu ki, ərindən boşanmaq istəyən qohumumun nikah şəhadətnaməsi onun ərə getdiyi evdə qalıb.

Xanım ərindən nikah şəhadətnaməsini istədikdə, əri bu sənədin itdiyini əsas gətirərək, nikah şəhadətnaməsini verməkdən yayınıb. Hazırda Bakıdaatası evində yaşayan xanım boşanmaq üçün məhkəməyə müraciət etmək istəsə də, bu sənəd olmadığından, lazımi addımı ata bilmir. Məcburdur ki, nikah şəhadətnaməsinin surətini almaq üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Yevlax rayon qeydiyyat şöbəsinə müraciət etsin. Himayəsində azyaşlı, eyni zamanda xəstə uşağı olduğundan Yevlax rayonuna bu sənədin ardınca gedə bilmir.

Qohumunun problemindən hali olduqdan sonra ona bu sənədi almaqda elektron xidmətlərin vasitəsilə kömək göstərməyə çalışdım. Əvvəlcə “Elektron-Hökumət” portalında qeydiyatdan keçdiyimdən, bu xidməti almaq üçün özüm cəhd etdim. Məqsədim, Ədliyyə Nazirliyinin https://www.e-gov.az/ portalına inteqrasiya etmiş xidmətləri vasitəsilə nikah şəhadətnaməsinin surətinin Yevlax rayonuna getmədən almağa nail olmağın mümkün olub-olmadığını yoxlamaq idi. Çünki, Nazirlər Kabinetinin Qərarı ilə “Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin verilməsi” xidməti https://www.e-gov.az/ portalına inteqrasiyası ilə bağlı qərar verilmiş xidmətlərin siyahısındadır. Amma bəlli oldu ki, NK-nın təsdiqlədiyi bu xidmət hələki https://www.e-gov.az/ portalına inteqrasiya edilməyib. Naəlac qalıb bu xidməti almaq üçün nazirliyin öz veb saytından elektron xidmətlər bölməsinə daxil oldum. Amma bu e-xidməti buradan da ala bilmədim.

Qohumuma üzrxahlıq edib, ona kömək etmək üçün alternativ variantımın olmadığını deyib sağollaşdım. Amma Ədliyyə Nazirliyinin https://www.e-gov.az/ dakı xidmətlərindən istifadə etməyin portal istifadəçiləri üçün nə dərəcədə real olduğunu üzə çıxartmaq üçün araşdırmanı davam etdirdim. Məlum oldu ki, portal istifadəçiləri 18 xidməti https://www.e-gov.az/-a inteqrasiya edən bu qurumun, 2-cə xidmətindən ancaq yararlana bilirlər. NK-nın təsqdiqlədiyi nazirliyin 17 e-xidmətindən isə vacib olan 6 xidmət hələki portalda yoxdur. Halbuki, o xidmətlərin bəziləri nazirliyin öz veb saytında e-xidmətlər bölməsində var.

Ədliyyə Nazirliyinin portalda olan xidmətlərini almaq üçün isə portal istifadəçilərinin qarşısına əməlli başlı əngəl çıxır. “Nikahın pozulması üçün elektron müraciət”, “Doğumun qeydiyyatı üçün elektron müraciət”, “Nikah qeydiyyatı üçün elektron müraciət”, “Ölüm haqqında aktın alınması üçün elektron müraciət”, “Övladlığa götürmək üçün elektron müraciət” və sair kimi 15-dən çox xidmətindən istifadə etməyə cəhd edən portal istifadəçiləri “Bu xidməti istifadə etmək üçün brouzerin özünü bloklama funksiyasını deaktiv etmək lazımdır” qeydi ilə qarşılaşırlar. Bu qeydin qarşısındakı “Buradan baxa bilərsiniz” linkinə daxil olduqda isə istifadəçinin qarşısına 3 brauzerdən birini seçmək şərti qoyulur. Bu 3 brouzerdən birini seçən istifadəçinin qarşısına isə müxtəlif yerlərə istiqamətlənən qırmızı ox işarələri çıxır ki, xidmətdən yararlanmaq istəyən bəndəniz kimi(red), onlarla istifadəçi çaş-baş qalır. Bu problemin nədən qaynaqlandığını araşdırmaq üçün öncə Ədliyyə Nazirliyinin qaynar xəti ilə əlaqə saxlayıram. Buradan məni Qeydiyyat və Notariat baş idarəsinin İnformasiya təminatı şöbəsindən Qismət Qurbanov adlı şəxlə əlaqələndirirlər. Sözügedən şəxs mənə məsləhət görür ki, bu xidmətləri almaq üçün nazirliyin öz veb saytındakı e-xidmətlər bölməsinə daxil olum:

“Qarşılaşdığınız problem bizim quruma aid deyil. Bu xidmətləri https://www.e-gov.az/-dan alanlara portalın operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən belə bir problem yaradılır. Görürsünüz ki, bizim sayt vasitəsilə e-xidmətlərdən istifadə zamanı belə bir problem yaranmır”.

https://www.e-gov.az/-ın öz istifadəçilərinə bu cür problem yaradacağı ağlabatan olmadığından portalın 157 texniki xidmət nömrəsinə zəng edirik. Burada telefonun dəstəyini qaldıran xanım qarşılaşdığımız problemə yardım edə bilmədiyini söyləyib bizi Emin adlı şəxslə bağlayır. Özünü mühəndis proqramçı kimi təqdim edən Emin Novruzov bizimlə söhbətində Qeydiyyat və Notariat baş idarəsinin İnformasiya təminatı şöbəsindən Qismət Qurbanovun iddiasının əsassız olduğunu söyləyir. E. Novruzov bildirir ki, Ədliyyə Nazirliyinin portalda olan sözügedən xidmətlərinin təhlükəsizlik sertifikatı olmadığından, portal istifadəçiləri belə bir problemlə qarşılaşırlar:

“Təhlükəsizlik sertifikatı olan sayta sertifikatsız məlumat daxil olduqda, brouzer imkan vermir o xidmət portalın içərisində vətəndaşın istəyi olmadan açılsın.Təhlükəsizlik üçün həmin xidmət “error” yəni xəta kimi çıxır. https://www.e-gov.az/-ın təhlükəsizlik sertifikatı var. Ona görə də bizə inteqrasiya olunan xidmətlər də bu cür sertifikatla təmin olunmalıdır. Nazirliyin həmin xidmətləri portala təhlükəsizlik sertifikatı ilə təmin olunmadan inteqrasiya olunduğundan, istifadəçilər bu cür problemlə qarşılaşırlar. Nazirlik SSL sertifikatını özü alaraq, məlumatların təhlükəsizliyini təmin etməlidir. E-hökumətə inteqrasiya olunan xidmətlərdən hansı bu sertikfikatla qorunmadan https://www.e-gov.az/-a daşınıbsa, portal öz istifadəçilərinin təhlükəsizliyi üçün avtomatik istifadəçi qarşısında brouzer seçimi qoyur. Bu xətanın yaranmaması üçün Ədliyyə Nazirliyi portala daşıdığı xidmətləri təhlükəsizlik sertifikatı ilə təmin edərək yenidən
yazaraq portala inteqrasiya etməlidir”.

Zülfiyyə Quluyeva

Yazı Multimedia Mərkəzi tərəfindən təşkil edilən “Onlayn Media” müsabiqəsinə təqdim olunur



Teqlər:  





Xəbər lenti