Zakir Qaralov korrupsiyaya qarşı mübarizədən danışdı

Zakir Qaralov korrupsiyaya qarşı mübarizədən danışdı
  03 İyul 2015    Oxunub:2436
İyulun 3-də baş prokuror Zakir Qaralov Vyetnam dövləti başçısının sədri olduğu Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyasının daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə baş prokuror Vyetnam ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirməklə prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi, prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi və qarşıda duran vəzifələr barədə qonağa ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan baş prokuror Azərbaycan Prokurorluğunun strukturunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdırıb, ötən il ərzində bu istiqamətdə iki beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini xüsusi vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Le Thi Thu Ba ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafını təqdir edib, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti