Zakir Həsənov ispaniyalı həmkarı ilə görüşüb

Zakir Həsənov ispaniyalı həmkarı ilə görüşüb
  25 May 2016    Oxunub:1113
İspaniyada rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İspaniyanın Müdafiə Nazirliyində Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda general-polkovnik Z. Həsənovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib.



Sonra nazirlərin təkbətək görüşü keçirilib. Ardınca görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edən İspaniya müdafiə naziri vurğulayıb ki, bu cür səfərlər intensiv şəkildə həyata keçirilməlidir.

İspaniyalı nazir bildirib ki, Azərbaycanın müdafiə nazirinin İspaniyaya səfəri ölkələrimiz arasında əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır: “Bunun ümumi işimizin inkişafına xidmət edəcəyinə ümidvaram”.



Z. Həsənov isə Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, cəbhə bölgəsində yaşanan son hadisələr, ölkəmizin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə ətraflı məlumat verib. "Biz Azərbaycan ilə İspaniya arasında əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində olmuş Azərbaycan-İspaniya əlaqələri bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir", - deyə o vurğulayıb.

Azərbaycan-İspaniya əməkdaşlığının bütün istiqamətlərdə, o cümlədən hərbi sahə üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti