Yol polisi ilə sürücünün davası - Günahkar kimdir?

Yol polisi ilə sürücünün davası - Günahkar kimdir?
  20 Noyabr 2014    Oxunub:6889
Son günlər yol polisi əməkdaşları ilə sürücülər arasında baş verən xoşagəlməz hadisələr mətbuatın gündəmini tutub.
Belə ki, bir neçə gün öncə Balakən rayonunda yerləşən Katex postunda sürücü yol polisi əməkdaşının boğazını kəsmişdi. Ötən gecə isə Bakının Binəqədi rayonu ərazisində xidmət göstərən yol polisləri silahlı hücuma məruz qalıblar. Belə ki, naməlum şəxslər iki yol polisi serjantını bıçaqlayıblar. Sürücülərlə yol patrul xidməti əməkdaşları arasında şiddətin nədən baş verdiyi hər kəsi maraqlandırır.

“İki əməkdaşımızın bıçaqlanması ilə bağlı cinayət işi açılıb”.

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Şöbə rəisinin sözlərinə görə, hadisəni törədən şəxslərin axtarışı davam edir:

“Xəsarət alan əməkdaşlarımız xəstəxanada müalicə olunur və vəziyyətləri normaldır”.

Sürücü və yol polisi əməkdaşı arasında baş verən bu cür halların artmasına gəlincə, V.Əsədov bildirib ki, intizamsızlığa meyilli olan sürücülərdir ki, bu cür hadisələr törədirlər:

“Bütün sürücülər eyni deyil. Təəssüflər olsun ki, son günlər belə hallar artıb. Görünür daha ciddi tədbirlərin görülməsinə zərurət yaranacaq”-deyə şöbə rəisi vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti