Yeni qatarlar 10 günə istifadəyə verilir

Yeni qatarlar 10 günə istifadəyə verilir
  17 Aprel 2015    Oxunub:2209
Bakı Metropoliteninə gətirilən yeni sərnişin qatarları yaxın 10 gün ərzində metronun "Həzi Aslanov"-"İçərişəhər" xəttinə buraxılacaq.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, yeni nəqliyyat vasitələri Fransanın “Alstom” şirkəti ilə imzalanan memorandum əsasında alınan qatarlardır və yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir:

“Köhnə vaqonlarda isə bu rəqəm 308 olub. Yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Bu nəsil qatarların mühərriklərinin gücü 170 KVt təşkil edir. Vaqonların çəkisi yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub”.

Metropoliten rəsmisi bildirib ki, Metropolitendə həmçinin müasir Diaqnostika Kompleksi yaradılıb:

“Xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS-koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır.

Bundan başqa, Diaqnostika Kompleksinin verdiyi imkanlar sayəsində rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti