Yeni büdcə parlamentə hələ təqdim olunmayıb
Komitə sədri əlavə edib ki, büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq.
"Bank sektorunda konsolidasiya aparılmalıdır" - deyən Ziyad Səmədzadə bildirib ki, bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır.
Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: "Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır".
O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.
Z. Səmədzadə bildirib ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində Azərbaycan büdcə gəlirlərinin formalaşmasında problemləri aradan qaldırmağa meyllənib:
"Biz son zamanlar sahibkarlığın inkişafına xidmət edən bir sıra qanunlar qəbul etmişik və bir neçəsini qəbul edəcəyik. Bununla yanaşı, sahibkarların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması öz müsbət nəticəsini verir. Ölkə başçısının tapşırığına əsasən, regionlarda inkişaf, yeni iş yerlərinin açılması prosesi sürətləndirilib. Başqa sözlə, neftin kəskin ucuzlaşmasına baxmayaraq, iqtisadi inkişafımız davam edəcək", - deyə Z. Səmədzadə bildirib.
Z. Səmədzadə əlavə edib ki, bir sıra təşkilatlar təhlillər, iqtisadi araşdırmalar aparmadan ixtisarlar aparırlar: "Azərbaycanda demoqrafik şərait əlverişlidir, əmək ehtiyatları kifayət qədərdir. Artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır.
Gültəkin Ələsgər