Yas mərasimləri üçün konkret menyu müəyyənləşdirilib - VİDEO

Yas mərasimləri üçün konkret menyu müəyyənləşdirilib - VİDEO
  22 Avqust 2014    Oxunub:4025
Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərilərinə düşən tədbirləri həyata keçirsinlər. Paytaxtda fəaliyyət göstərən məscidlərin əksəriyyətində demək olar ki, bu qaydalara artıq riayət edilməsinə başlanıb. Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov deyir ki, bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirilib.

Hacı Murad Cəfərovun sözlərinə görə, yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub: “Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq”.

Bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər əlamətdar dini günlər, o cümlədən Ramazan və Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası və Elmi-Dini Şuranın sözügedən məsələ ilə bağlı 2011-ci ildə ictimaiyyətə müraciəti də olub. Müraciətdə deyilir ki, dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Həmçinin məscidlərin tabeliyində olan mərasim zallarının bərpası da müraciətdə yer alıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla isə deyir ki, israflar nəzərdə tutulan addımların olmaması, məscidlərdən kənarda baş verir: “İnsanlar hərəsi öz qanunları ilə hərəkət edir, hətta Ramazan ayında süfrə açırlar. Burada əsas məsələ insanların maariflənməsidir və ictimai qınaq olmalıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, müvafiq məsələ hələ ki, tövsiyə xarakteri daşıyır. Dövlət nəzarətinin tətbiqi yalnız rəsmi qərar veriləndən sonra mümkün olacaq. Ehtimal olunur ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq.

Bundan əvvəl isə Naxçıvan Muxtar Respublikasında və ölkənin bir neçə rayonunda ərazi üzrə rəhbər şəxslərin və ruhanilərin şəxsi təşəbbüsü ilə ehsan süfrələrində israfçılığın qarşının alınması üçün buna bənzər qərarlar verilib.




Teqlər:





Xəbər lenti