Yaqland Ermənistanı şəhidimizin nəşini qaytarmağa çağırdı

Yaqland Ermənistanı şəhidimizin nəşini qaytarmağa çağırdı
  12 Yanvar 2017    Oxunub:4540
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanatı yayılıb.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub. Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti