Ya şeirsizlik, ya şüursuzluq

Ya şeirsizlik, ya şüursuzluq
  04 Mart 2015    Oxunub:6569
Vüsal Məmmədov

Siz dünyanın ən güclü xalqlarından biri olan almanların neçə şairini tanıyırsınız? Olsa-olsa, Göteni – o da adına görə... Mən əlavə olaraq, bir də Şilleri tanıyıram. Amma onların heç birinə bizim bildiyimiz anlamda “şair” demək də olmaz. Hər ikisi 30-40 faiz şair, 60-70 faiz filosofdurlar.


Filosof demişkən, bəs Alman xalqının yetişdirdiyi neçə filosof tanıyırsınız? Ohooo... Kant! Hegel! Nitsşe! Feyerbax! Şopenhauer! Maks Veber! Haydegger! Şpenqler! Bunlar elə adlardır ki, yükləsən, hərəsini bir “KamAz” çəkə bilməz.

Alman xalqının gücü bundadır: poeziyaya yox, düşüncəyə meyl edir. Bəs biz? Baxaq Azərbaycana: neçə filosof tanıyırsınız? Mən “filosof” deyəndə qafiyəni əruz yarpağına büküb, poeziya dolmasından hikmət süfrəsi açan orta əsr manıslarını nəzərdə tutmuram. Ortaya öz baxışlar sistemini, elmi konsepsiyasını qoyan əsl filosofdan söhbət gedir... Kimimiz var? Tutaq ki, XX əsrdən faciəvi taleyinə görə Heydər Hüseynovu tanıyırıq... sonra?

Amma soruşsam ki, neçə şairimiz var, “dəryalar mürəkkəb, meşələr qələm, mollalar yazdıqca, dərdim var mənim”. Bu, doğrudan böyük dərddir. Ciddi deyirəm ki, bizim xalq olaraq ən böyük problemlərimizdən biri şairlərimizin çoxluğudur. İndi bunu əsaslandırmağa çalışacağam.

Tutaq ki, bir alman maşınla gedərkən birdən təkəri partlayır. Alman nə edəcək? Düşünəcək ki, daha mükəmməl təkəri necə düzəltmək olar? Bir firma yaradacaq, fizikləri, mühəndisləri çağıracaq, bir neçə ildən sonra bütün dünyaya yeni nəsil təkərlər satmağa başlayacaq.

İndi isə tutaq ki, bir azərbaycanlı maşınla gedərkən birdən təkəri partlayır. Azərbaycanlı nə edəcək? Təkərin partlaması ilə öz bəxti arasında paralellər axtarmağa başlayacaq. Beyin təxminən belə idiot fikirlər ifraz edəcək: “Təkərim də boşdur qismətim kimi, Allah, bu bəndəni yolda qoyma sən” və sair və ilaxır.

Söhbət zehnin quruluşundan, işləmə mexanizmindən gedir. Alman beyni praqmatizmə köklənib, problemi görən kimi avtomatik onu necə aradan qaldırmaq haqqında düşünür. Azərbaycanlı beynində isə romantik-mazoxist, dekadans mexanizmlər var: necə daha yaxşı ağlayım, daha keyfiyyətlə sızıldayım?

Dünyada heç bir almanın beyninə bu fikir gələ bilməzdi ki, həkimə desin: “Təbib, qıl bir çarə ki, bu dərdə dərman olmasın...” Desə də, təbib dərhal onu zorla dəlixanaya basardı. Almanın başını əzsən də, beyni bu cür işləyə bilməz. Amma azərbaycanlı beyni belə mövzularda yağlanmış təkər kimi işləyir.

Niyə? Çünki bizim təfəkkürümüz əsrlərlə belə formalaşıb. “Ey fələk, daha çox zülm elə, biz daha istedadla ağlayacağıq” - əsrlərlə formalaşan poeziyamızdan çıxan yeganə nəticə budur. Başqa heç bir dişə vurulası fikir yoxdur. Bu yanaşma bizim şüurumuza hopub. Beynimiz özümüzdən asılı olmayaraq, avtomatik bu mental mexanizmlərlə işləyir.

Almaniya I Dünya Müharibəsində uduzdusa, alman beyni belə düşünür: Necə edim ki, ikinci savaşda qalib gəlim? Onda da uduzanda, beyin fikirləşir: demək, bu yol səhvdir, Avropanı başqa yollarla ələ keçirmək lazımdır... Və keçirir də. Amma biz savaşda uduzanda böyük bir ah-vay poeziyası yaranır: “Ölümə anam ağlasın”, “Özün yerdə qoyma bu zülmü, fələk”, “Qara paltarlı qadın, qəbrim damır, ağlama”...

Alman gənci bir qadından xoşlansa, fikirləşəcək ki, onunla necə yatım? İstəyinə çatacaq və deyəcək ki, “Das is fantastiş!” Azərbaycanlı isə başlayacaq şeir yazıb, facebook-da camaatlı tag etməyə: “Sən mənim deyilsən, çünki mən də özümün deyiləm, ürəyimi kreditə verdim, qalxdı dollar da, bircə sevgi ucuz qaldı...” kimi. Və enerjisi içində qalacaq zavallının.

Bizim evimizi şeir yıxır. Poeziya – istedadın ən primitiv növüdür, hamıda müəyyən qədər var. Azərbaycanlı özünü reallaşdırmaq istəyəndə yapışır həmin o primitiv istedaddan və qalır orda. Halbuki, vaxtında şeirdən əl çəksə, həyatda özünə normal yol tapa bilərdi...
Şeir yazan elə zənn edir ki, ciddi iş görür. Reallıqda isə beyni çevikliyini itirir, düşüncə qəlibləşir... Əsrlərdir ki, bu ölkədə şairlər eyni qəlibləri yazırlar: ana ağladı, ruh göyə üçdu, yoxluğun məni mindi... Sanki dünyada gülən ana obrazı yoxdur, harada ana varsa, mütləq ağlamalıdır.

Tam ciddi deyirəm: biz normal, müasir xalq olmaq istəyiriksə, kütləvi poeziya xəstəliyindən qurtulmalıyıq. Şüurumuzu poetik qəliblərdən çıxarıb, praqmatik düşüncə vərdişlərinə yiyələnməliyik. Ona görə də, ətrafınızdakı insanların şeir yazmağına bacardığınız qədər mane olun. Çətini 7-8 qafiyə düzüb-qoşana qədərdir, ondan sonra manıs əldən gedəcək. Hansısa məişət problemilə üzləşən kimi özündən asılı olmayaraq başlayacaq ona şeir qoşmağa. Beyni dönüb olacaq qafiyə-qəlib maşını.

Mənim əgər elə bir səlahiyyətim olsa, ümumiyyətlə, bir müddət ölkədə şeir yazılmasına moratorium qoyardım. Qoy, beyinlərimiz təmizlənsin, normal işləməyə başlasın, ondan sonra əgər istəyən olsa, şeir yazar.


Teqlər:  





Xəbər lenti