YAP yeni sayt açdı

YAP yeni sayt açdı
  09 Oktyabr 2015    Oxunub:2127
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası dövrünü əhatə edəcək “www.yap.az” seçki saytı oktyabrın 9-da fəaliyyətə başlayıb.
AzVision.az YAP-ın saytına istinadən məlumat verir ki, "Yeni hədəflərə doğru!" şüarı ilə təqdim edilən seçki saytında "Namizədlər", "Azərbaycan: 2005-2015", "10 uğurlu zirvə", "Yeni hədəflərə doğru 10 addım" və "Seçici siyahısı" bölmələri yaradılıb.

"Namizədlər" bölməsində Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər haqqında məlumat verilir. "Azərbaycan: 2005-2015" bölməsində isə ölkəmizin son 10 ildə keçdiyi inkişaf yolu, qazanılan uğurlar, əldə edilən nailiyyətlər barədə geniş məlumat verilir.

Saytın "10 uğurlu zirvə" bölməsində də Azərbaycan dövlətinin hədəf seçdiyi 10 mühüm amil sadalanır:

1. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı daha da artacaq.

2. İnsanların həyat səviyyəsi və məişət şəraiti daha da yaxşılaşdırılacaq.

3. Sosial müdafiə və sosial təminat tədbirləri yeni səviyyəyə çatdırılacaq.

4. Yeni infrastruktur layihələri həyata keçiriləcək.

5. Regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyacaq.

6. Sənayenin, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi daha da artırılacaq.

7. Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində səylər gücləndiriləcək, ordu quruculuğu işləri yeni vüsət alacaq.

8. Elm, təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitin həcmi artırılacaq.

9. Dünya enerji təhlükəsizliyi və regional nəqliyyat sistemində Azərbaycanın mövqeyi möhkəmlənəcək (TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmiryolu).

10. Azərbaycan beynəlxalq multikultural, mədəni, humanitar və idman tədbirlərini bundan sonra da uğurla həyata keçirəcək.

“www.yap.az” saytının "Yeni hədəflərə doğru 10 addım" bölməsində vacib məqamlar öz əksini tapıb. Belə ki, bölmədə yüksək iqtisadi inkişafın Azərbaycanın regionda lider mövqeyini təmin etdiyi, əhalinin rifahının yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni neft-qaz layihələrinin ölkəmizin dünya enerji təhlükəsizliyi sistemində əhəmiyyətini daha da artırdığı, kənd təsərrüfatı sahəsində islahatların aqrar bölmənin istehsal gücünü 2,3 dəfə artırdığı vurğulanır. Bu bölmədə, həmçinin regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının ölkənin simasını kökündən dəyişdirdiyi, idarəetmədə modernləşmə, operativlik və şəffaflığın təmin olunduğu, bütün ölkə üzrə "ASAN xidmət" şəbəkəsinin yaradıldığı, uğurlu və müstəqil xarici siyasətin Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırdığı, Ermənistanın regional layihələrdən təcrid edildiyi, Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndiyi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyi, Azərbaycanın dünyanın multikultural və tolerantlıq mərkəzlərindən birinə çevrildiyi və nəhayət, ölkəmizin mədəni və humanitar sahələrdə, o cümlədən idman sahəsində bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi xüsusi qeyd olunur.

“www.yap.az” saytının "Seçici siyahısı" bölməsində isə ölkə vətəndaşlarının müvafiq dairə və məntəqələrdə seçici kimi qeydiyyatı öz əksini tapır.

Qeyd edək ki, YAP-ın seçki saytında ölkəmizdə və dünyada baş verən hadisələr haqqında informasiyalar, eləcə də, müxtəlif məsələlərlə əlaqədar mütəxəssis rəyləri yer alır. Eyni zamanda saytda geniş auditoriya üçün faydalı ola biləcək linklər yerləşdirilib.


Teqlər:  





Xəbər lenti