YAP hansı YAP-çının namizədliyini dəstəkləmir?

YAP hansı YAP-çının namizədliyini dəstəkləmir?
  03 Oktyabr 2015    Oxunub:4001
Hakim Yeni Azərbaycan Partiyası 1 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd irəli sürməyəcək.
Bu barədə AzVision.az-a YAP-dan bildirilib.

Qeyd edilib ki, Leyla Abdullayevanın namizədliyini geri götürməsindən sonra 41 saylı Sumqayıt birinci seçki dairəsindən kimin namizəd irəli sürüləcəyi və ya hansı namizədin dəstəklənəcəyi məsələsi YAP İdarə Heyəti tərəfindən müzakirə olunmayıb.

Əlavə edək ki, artıq namizədlərin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

41 Saylı Dairə Seçki Komissiyasından AzVision.az-a bildiriblər ki, hakim partiya Leyla Abdullayevanın namizədliyini geri götürməsindən sonra rəsmi şəkildə namizəd irəli sürməyib. Beləliklə də hakim partiya Milli Məclisinə seçkilərdə 116 dairə üzrə namizəd irəli sürmüş olub.

Diqqətə çatdıraq ki, hazırda seçki dairəsində Ümid Partiyasından Həcər Abbaslı, bitərəf Etibar Məmmədov, YAP-ın üzvü, ancaq öz təşəbbüsü ilə namizədliyi irəli sürən Mirzəcan Xəlilov və ASDP-dən İslam Yusifzadənin namizədliyi qeydə alınıb.

YAP-ın seçki siyahısında yer almayan YAP üzvü Mirzəcan Xəlilovun namizədliyinin hakim partiya tərəfindən dəstəklənməyəcəyini vurğulanıb. Onun bu addımı partiyanın qərarına qarşı çıxmaq kimi qiymətləndirilir.

Partiya funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin cəzalandırılacağını bildirib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti