YAP 22 yaşını qeyd edir

YAP 22 yaşını qeyd edir
  21 Noyabr 2014    Oxunub:1552
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22 ili tamam olur.
AzVision.az xəbər verir ki, ölkənin ən böyük siyasi partiyası olan YAP-ın hazırda 640 minə yaxın üzvü var.

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.

Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi.

Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilib, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atıb.

1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilib.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatıb, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayıb.
2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmaqla cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb.

Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul edib.

Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.

Partiyaya 2003-cü ildən bəri prezident İlham Əliyev sədrlik edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyev, Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə partiyanın sonuncu qurultayında sədr müavinləri seçiliblər.


Teqlər:  





Xəbər lenti