YAP-dan Xədicə İsmayılın azadlığa buraxılmasına reaksiya

YAP-dan Xədicə İsmayılın azadlığa buraxılmasına reaksiya
  25 May 2016    Oxunub:12111
“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab edirəm”.

Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir: “Azərbaycan dövləti humanistdir. Belə hallar hər zaman olub. Hazırda bu proses davam edir. Xədicə İsmayılın şərti azadlığa buraxılmasını kimsə şouya çevirməsin. Bu, adi haldır. Azadlığa buraxılan müəllim, həkim heç də ondan aşağı deyil, əksinə daha üstündür”.

Qeyd edək ki, bu gün “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova azadlığa buraxılıb.

Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Xədicə İsmayıl MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun qurbanlarından biri idi.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti