Xarici borcumuzun artma səbəbi - Sabiq nazirin rəyi

Xarici borcumuzun artma səbəbi -  Sabiq nazirin rəyi
  28 Noyabr 2016    Oxunub:2152
“Son iki ilə qədərki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib”.
AzVision.az xəbər verir ki, bunu sabiq maliyyə naziri, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyib. Onun sözlərinə görə, 01 yanvar 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollarardan, 7,6 milyard dollara çatıb.

“İqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin azalması səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı bir dövrdə bunu böyük artım adlandırmaq nə qədər məntiqlidir? Sadəcə manatın son iki kəskin devalvasiyasından sonra bu borcun həcmi manat ifadəsində artıb. Əgər manatın məzənnəsində iki kəskin devalvasiya baş verməsəydi, onda bu günə mövcud olan 7,6 milyard dollar xarici borcumuz, milli valyuta ilə cəmisi 5,9 milyard manat təşkil etmiş olardı”.

Ekspertin sözlərinə görə, bütövlükdə xarici borcumuz Ümumi Daxili Məhsulun 20 faizdən bir qədər artıq hissəsini təşkil edir. “Xarici borcun həcmi ÜDM-un 50%-dən çox olduqda bu artıq düşünmək üçün bir əsas ola bilər. Əslində normal borclanma bütün hallarda məğbul sayıla bilər. Bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nun az qala 100%-i həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə isə bu göstərici onların ÜDM-nu bəzən bir neçə dəfə üstələyir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti