Xaricdə imtahansız təhsil - İNANMAYIN!

Xaricdə imtahansız təhsil - İNANMAYIN!
  31 Avqust 2015    Oxunub:10869
Xaricdə təhsil almaq, dünyanın tanınmış universitetlərinin tələbəsi olmaq, yüksək səviyyəli ixtisaslı kadr olmaq hər bir gəncin arzusudur. Bu arzumuzu reallaşdırmaq istədikdə isə diqqətli olmalıyıq. Belə ki, bəzi hallarda gənclərimiz xaricdə təhsil almaq niyyətlərini həyata keçirərkən dələduzların qurbanına çevrilirlər.

Hazırda ictimai yerlərdə, metro stansiyalarında, televiziya ekranları və internet saytlarında "xaricdə imtahansız təhsil" reklamları ilə tez-tez qarşılaşırıq. Ukrayna, Türkiyə və Gürcüstan universitetlərinə imtahansız qəbulla bağlı elanlara isə daha çox rast gəlinir. Buna görə də xaircdə attestatla "təhsil" təşkil edən şirkətlərlə söhbətimizi əsasən həmin ölkələr üzərində qurduq. Həmin şirkətlərə qohumumuzun Azərbaycanda test imtahanından minimal balı toplaya bilmədiyini, buna görə də, xarici ölkə universitetində ali təhsil almaq istədiyini dedik.

Əvvəlcə "Delta Education" şirkəti ilə əlaqə saxladıq: "Şirkətimiz həm əyani, həm də qiyabi formada gənclərimizin Türkiyədə təhsil almaları üçün geniş imkanlar açır. Bunun üçün 1000-1200 manat xidmət haqqı ödəmək lazımdır. Universitet və tələbənin aylıq xərcləri isə bu xidmətə daxil deyil. Qiyabi formada təhsil alan tələbələrimiz ildə 1-2 dəfə Türkiyəyə yollanıb semestr imtahanlarını verirlər".

"Elit Academy" adlı şirkət də gənclərimizin attestatla "təhsil" almaları üçün əlverişli şərait yaradır. Şirkətin rəsmisi prosesi aşağıdakı kimi izah etdi:

"Müqavilə bağlanarkən ilkin olaraq 750 manat ödəyirsiniz, qəbul prosesi başa çatdıqdan sonra əlavə 750 manat ödəməlisiniz. Bütövlükdə 1500 manat pul edir. Universitet və tələbəninn xərcləri isə şəxsin üzərinə düşür. Sakarya, Balıkesir Zonquldak, Uşak, Kütahya kimi universitetlərə attestatla qəbulu 100% təmin edirik".

Göründüyü kimi, ali təhsil almaq üçün 3 vasitə lazımdır: Şəxsiyyət vəsiqəsi, attestat və 2000 manat ödəniş. Heç bir imtahan olmadan, tələbənin bilik səviyyəsi yoxlanılmadan qəbul keçirən universitetin verdiyi təhsilin səviyyəsi sual doğurur. Belə şirkətlərin təhsil fırıldağının qurbanı olan gənclər sonda heç bir təhsil almadan, öz ixtisasının sirlərinə yiyələnmədən "diplom" sahibi olurlar. Həmin gənclər Atatürk Universitetinə 4 il ərzində 4-5 dəfə getməklə həmin universitetinin məzunu olurlar.

Xaricdə bu yolla təhsil almış tələbənin aldığı ikinci zərbə isə əldə etdikləri "diplom"un ölkəmizdə tanınmaması ilə bağlıdır. Belə ki, bir çox hallarda tələbələr Türkiyə və Ukraynada bu cür yola aldıqları diplomu ölkəmizdə ali təhsil sənədi kimi təsdiq edə bilmirlər. Bu isə faktiki olaraq külli miqdarda maliyyə vəsaiti hesabına əldə edilən sənədin heç bir hüquqi əhəmiyyət daşımadığını gözlər önünə qoyur.

"AKİ İnter" - in əməkdaşı bizə bildirdi ki, bu şirkət gənclərin həm Avropada, həm də postsovet ölkələrində təhsil almaları üçün geniş şərait yaradır. Şirkətin rəsmisi attestatla Ukraynanın istənilən universitetinə qəbulun mümkün olduğunu dedi:

"Biz gənclərimizin Ukraynada əyani və qiyabi formada təhsil almaları üçün geniş imkanlar açmışıq. Bunun üçün şəxsiyyət vəsiqəsi və attestat kifayət edir. Xidmət haqqı isə 2000 manat təşkil edir".

Şirkət rəsmisi Avropada təhsilin də mümkün olmasını bildirdi: "Şirkətimiz gənclərimizin Çexiya, Almaniya, İsveçrə və Fransa kimi Avropa ölkələrində də həm magistr, həm də bakalavr səviyyədə təhsil almaları üçün geniş imkanlar açır. Bizim şirkət xaricdə təhsilə 100% zəmanət verir. Bunun üçün şirkətimizə 5 min manat ödəmək lazımdır. Universitet xərcləri isə bu ödənişə daxil deyil. Universitetin illik ödənişi vətəndaş tərəfindən ödənilir. Bu ödəniş isə 2000 avrodan başlayır. Bundan əlavə tələbənin qalması üçün yataqxanalar mövcuddur. Tələbələr isə bu yataqxanalarda qalmaq üçün əlavə 150 avro pul ödəməlidir".

Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Valideynlər "Təki, övladımın diplomu olsun" şüarı ilə bu cür şirkətlərə müraciət edirlər. Ali məktəblərə qəbul ola bilməyən gənclər isə cəmiyyətdə qınaq obyektinə çevrilməmək üçün "asan" yolla təhsil almağa üstünlük verirlər.

Femida.az məsələ ilə bağlı hüquqi tənzimlənmə metodunun olub-olmadığını müəyyənləşdirmək üçün hüquqşünas mövqeyini də öyrənib. Hüquqşünas Əliməmməd Nuriyevin fikrincə bu kimi halların qarşısını almaq üçün ilk növbədə lisenziyalaşdırma aparılmalıdır:

- Əvvəlcə qeyd etməliyəm ki, təhsil almaq hüququ vətəndaşın konstitusiya ilə müəyyən olunmuş ayrılmaz hüquqlarından biridir. Lakin təəssüf ki, ölkəmizdə bu sahədə də işbazlar peyda olub. Bu kimi hallar dələduzluq kimi də qeyd edilə bilər. Belə dələduzların qurbanına çevrilmiş vətəndaşlar külli miqdarda vəsait ödəməklə "diplom" sahibi olmağa çalışırlar. Təəssüflər olsun ki, hazırda valideynlər öz övladlarının bu yolla təhsil almasına canfəşanlıq göstərirlər. Övladlarını hərbi xidmətdən möhlət almaq üçün valideynlər hər nə olur olsun, övladlarının diplom sahibi olmasını istəyirlər. Bəzən diplomların araşdırılması zamanı aydın olur ki, xarici universitetin diplomunu alan şəxs heç bu müddət ərzində həmin ölkənin sərhədini belə keçməyib. Bu kimi hallar bir sıra mənfi nəticələrə gətirib çıxarır: Birincisi bu yolla xaricdə təhsil almış şəxs hər hansı ixtisasa, elm, biliyə yiyələnmir. İkinci tərəfdən o, xeyli vəsait xərcləyir. Üçüncü tərəfdən uzun illər boş-boşuna sərf olunur. Düşünürəm ki, ilk növbədə lisenziyalaşdırma aparılmalıdır. Hər şeydən öncə müəyyənləşdirilməlidir ki, həmin şirkətlərin müvafiq universitetlərlə həqiqətən rəsmi müqaviləsi varmı. Bütün bunlar aydınlaşdırılmalıdır. Təhsil Nazirliyi və müvafiq qurumlar bunu aydınlaşdırmalıdır. Belə olduğu təqdirdə dələduzların əl-qolu bağlanar və vətəndaşlarımız düzgün ali təhsil əldə edərlər. Bütün bunlarla yanaşı gənclərimizin xaricdə təhsil almaları üçün şərait yaradılmalıdır və bu sahə stimullaşdırılmalıdır. Lakin bu sahədə işbazların fəalliyyətinə qətiyyən yol verilməməlidir.

Mövzu ilə bağlı Təhsil Nazirliyi əlaqə saxlamağa cəhd etsək də, həmişəki kimi telefonlarımıza cavab verilmədi və sorğumuz cavabsız qaldı.

Bir çox hallarda Təhsil Nazirliyi tərəfindən diplomu tanınmayan gənclərlə də rastlaşırıq. Həmin gənclərin biri ilə həmsöhbət olduq. Diplomu tanınmayan Qəhrəman adlı gənc başına gələnləri belə izah etdi: “TQDK-nın keçirdiyi imtahanlarda bal toplaya bilmədim. Sonra imtahansız-filansız Gürcüstan universitetlərindən birinə qəbul oldum. Universiteti bitirib gələndən sonra burda diplomumu tanımadılar. Ona görə də iş tapa bilmirəm. Hara gedirəmsə, diplomumun təsdiqlənməsini tələb edirlər”

Beləliklə, xaricdə "təhsil" vəd edən işbazların etdiyi təkliflərə inanmayın.Təhsil Nazirliyinin müəyyən etdiyi üsul və qaydalarla xaaricdə təhsil almağa üstünlük verin.

Femida.az


Teqlər:





Xəbər lenti