Xanım prezidentin Bakıya gəlişinin səbəbi - ŞƏRH

Xanım prezidentin Bakıya gəlişinin səbəbi - ŞƏRH
  25 Oktyabr 2016    Oxunub:4712
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycanda səfərdədir. Səfəri çərçivəsində xanım prezident ölkə başçısı İlham Əliyev, baş nazir Artur Rasizadə və digər dövlət rəsmiləri ilə görüşlər keçirib.
Prezidentlərin mətbuata bəyanatla çıxışı zamanı Xorvatiya prezidenti Azərbaycanla əməkdaşlıqdan söz açıb, TANAP və TAP layihələrinin başa çatmasını gözlədiyini bildirib.

“Enerji sektoru çox böyük əhəmiyyət kəsb edir. Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur. Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər”.

Azərbaycan prezidenti İlham Əliyev isə çıxışında bildirib ki, biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik: “Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik. Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.

Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq”.

Siyasi şərhçilər hesab edirlər ki, Xorvatiya prezidentinin Azərbaycana səfəri Avropanın enerij təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir



Xanım prezidentin Bakıya səfərini şərh edən millət vəkili Rasim Musabəyov AzVision.az-a bildirib ki, Xorvatiya enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Azərbaycan qazı TANAP vasitəsilə Yunanıstandan keçməklə İtaliyaya çatdırılacaq. Böyük ehtimalla Azərbaycanın qaz imkanları daha genişdir. TANAP buna hesablanıb ki, onun ötürmə potensilı artırıla bilər. Ona görə də Xorvatiya, Bolqarıstana əlavə qaz verilə bilər. Hazırda Xorvatiya Azərbaycan qazını almaqda maraqlıdır. Çünki, bu ölkə Rusiya qazından asılıdır. Rusiya qazı isə Ukrayna üzərindən çatdırılır. Nəzərə alasaq ki, Rusiya-Ukrayna münasibətləri çox gərgindir və hər zaman qazın verilişi dayandırıla bilər. Bu isə Balkan ölkələri üçün kifayət qədər risklər yaradır. Ona görə də bu ölkələr çalışır ki, alternativ qaz mənbəyi olsun. Azərbaycan qazı sayəsində bu mümkündür. Balkanlara qazın çatdırılması həm Azərbaycan üçün əlavə bazardır, həm də enerji təhlükəsizliyini möhkəmləndirə bilər”.



Xorvatiyanın Balkanlarda aparıcı dövlətlərdən biri olduğunu xatırladan politoloq Fikrət Sadıqov isə bildirib ki, xanım prezident Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyir: “Xorvatiya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Əhali baxımından kiçik bir ölkə olsa da, Avropa Birliyi məkanında kifayət qədər çəkisi var. Uzun illərdir Xorvatiya və Azərbaycan iqtisadi, turizm, enerji sahələrində əməkdaşlıq edir. Kolinda Qrabar-Kitaroviç prezident seçiləndən sonra ölkələrlə münasibətlərin yeni formatda qurulmasını istəyir. Bu barədə mətbuata bəyanatlarında bildirib. Ötən gün ADA-da keçirdiyi görüşdə iştirakım zamanı bunu bir daha hiss etdim. O, Azərbaycanla ikili münasibətlərin səviyyəsini çox yüksək qiymətləndirir. Bununla belə Xorvatiya Azərbaycanla münasibətlərində yeni səhifə açmaq istəyir. Bu, həm Xorvatiya, həm də Azərbaycanın maraqlarına tam cavab verir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti