Xaləddin İsgəndərovun işçiləri istintaqa çağrıldı

Xaləddin İsgəndərovun işçiləri istintaqa çağrıldı
  21 May 2015    Oxunub:6794
Bu gün Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun həbsi ilə bağlı xəbərlər yayılıb. Həbsin səbəbi isə yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir.
Binəqədi rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova AzVision.az-a açıqlamasında bildirib ki, Ədalət Rəcəbovun həbsi ilə bağlı yayılan xəbərlər doğru deyil:

“Komissiyanın iclasında Baş prokurorun bildirdiyi kimi aidiyyatı qurumlardan hər kəs istintaqa çağrılıb dindirilə bilər. Odur ki, istintaq gedir. Hər kəsin istintaqa çağrılması adi haldır”.

İcra strukturunun rəsmisi onu da qeyd edib ki, Ədalət Rəcəbov iş başındadır:
“Heç bir həbsdən söhbət gedə bilməz. Ədalət Rəcəbov sadəcə istintaqa çağrılıb”.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti