XİN Yerevanı ifşa etdi

XİN Yerevanı ifşa etdi
  26 Yanvar 2015    Oxunub:2211
Ermənistanın son təxribat əməlləri ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir.

Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır.

Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir.

Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir.

Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.


Teqlər:  





Xəbər lenti