Venesuela prezidenti Bakıya niyə gəlmişdi? - ŞƏRH

Venesuela prezidenti Bakıya niyə gəlmişdi? - ŞƏRH
  24 Oktyabr 2016    Oxunub:5592
Bir neçə gün öncə Venesuela prezidenti Azərbaycanda rəsmi səfərdə olub. Nikolas Maduro səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirib. Səfərdən öncə Maduronun Bakı səfərinin neft hasilatı ilə bağlı olduğu bildirilirdi.
Politoloq Qabil Hüseynli hesab edir ki, Venesuela prezidentinin səfəri ölkəmiz üçün əhəmiyyətlidir və danışıqlar zamanı Bakıda gələcək əməkdaşlığın əsası qoyulub.



“Maduronun Azərbaycana səfəri daha çox neftin qiyməti ilə bağlı idi. Danışıqların əsas mövzusu da bu idi. Azərbaycan OPEC üzvü olmasa belə neft hasilatını artırmamaq barədə birtərəfli qaydada qərar qəbul edib. Hesab edirəm ki, bu razılıq bazarda neftin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Bir şərtlə ki, buna digər ölkələr, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı da əməl etsin”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban fikrincə, Venesuella Prezidentinin Azərbaycana səfəri birbaşa neft amili ilə bağlı idi: “Bizi neft amilindən başqa heç nə bağlamır. Bununla belə Maduronun Azərbaycana səfəri neftin qiymətinin artımına səbəb olacaq kimi fikirlər cəfəngiyatdan başqa heçnə deyil. Çünki, nə Venesuella prezidentinin hər hansı bir bəyanatı dünya bazarına təsir edəcək səviyyədə deyil, nə də Azərbaycan dünya neft bazarının ab-havasına təsir edir. Bu səfər cümə günü axşam başlayıb və şənbə günü görüşlər keçirilib. O zaman dünyadakı neft birjaları istirahətdə olur. Bunu deyənlər neft bazarından bixəbərlərdir”.



İ.Şaban xatırladıb ki, Venesellada vəziyyət olduqca ağırdır: “Maduro Bakıdan sonra körfəz ölkələrinə səfərə gedib. Bu səfərlərin məqsədi dünya bazarında neftin qiymətlərinin artırılması üçün OPEC və qeyri-OPEC ölkələri arasında bir körpü olmağa çalışmaqdır. Maduro bu fikirləri avqust ayından səsləndirir. Bunu ona görə edir ki, ölkəsində özünə qarşı impiçiment tələbi irəli sürülüb. Hakimiyyət Maduronun əlində olsa da parlament müxalifətin nəzarətindədir. Parlament artıq Maduronun impiçimenti ilə bağlı mart ayından başlayaraq planlı şəkildə iş aparır. Maduro çalışır ki, neft ixrac edən ölkələrlə hasilatı artırmamaqla bağlı razılıq əldə etsin. O, ümid edir ki, Vyana konfransı öncəsi neftin qiyməti bir qədər artar. Bu, ölkəsinin gəlirlərini artıracaq ki, bununla da impiçimenti dəf etmək manevrləri əldə edəcək. Hesab edirəm ki, Bakı səfəri də Maduronun bu planın tərkib hissəsidir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti