Vaxtından əvvəl I sinfə qəbul üçün 3772 nəfər qeydiyyatdan keçib

Vaxtından əvvəl I sinfə qəbul üçün 3772 nəfər qeydiyyatdan keçib
  30 İyul 2015    Oxunub:1867
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu” məqsədilə müsahibələr davam edir.
Başı şəhəri Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçən valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Artıq qeydiyyatdan 3772 nəfər keçmişdir. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib. Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16 – dan dekabrın 31 – nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olurlar.

İyulun 21 – dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində sms şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

Nəzərinizə çatdıraq ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

AzVision.az




Teqlər:  





Xəbər lenti