Uşaqlar üçün verilən müavinət artırıla bilərmi?

Uşaqlar üçün verilən müavinət artırıla bilərmi?
  27 Yanvar 2015    Oxunub:6175
“Yeni doğulan uşaqlar üçün verilən birdəfəlik müavinətin verilməsi artırılması Milli Məclisin müzakirəsinin gündəliyinə daxil deyil”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, bu məbləğ hökumət tərəfindən müəyyən olunur:

“Bu qanunla ümumi prosedur müəyyən olunub ki, təzə doğulan uşaqlara birdəfəlik müavinət var və aztəminatlı ailələrin uşaqlarına ünvanlı sosial yardım var. İşləyən analara uşaqlarına görə 1.5 yaşına qədər bir müavinət var, 3 yaşına qədər ayrı müavinət var. bir də 5-dən çox uşağı olan ailələrə hər uşağa görə müavinət var. Ölkəmizdə bu şəkildədi. Bunun da artırılması məsələsinin müzakirəsi Milli Məclisin gündəliyində deyil. Büdcə müzakirə olunub və bu məsələ orada nəzərdə tutulmayıb”.


Milli Məclisin üzvü bildirib ki, bizdə sosial müdafiə ünvanlıq prinsipinə əsaslanır. Millət vəkili qeyd edib ki, kimin adambaşına düşən aylıq gəliri aşağıdırsa, onlara əlavə ünvanlı yardım verilir:

“Kimin aylıq gəliri yaşayış minimumundan yuxarıdırsa, onlara verilmir. Bu müavinət kasıb təbəqə üçün nəzərdə tutulub. Bizdə ailənin gəlirinə görə sosial müdafiə qurulub. Dünyanın bir çox ölkələrində də bu cür aparılır. Ona görə də kasıb ailələr üçün ünvanlı sosial yardım var. Hər bir ailə üçün də yeni doğulan uşağa birdəfəlik müavinət var. Sovet dövrünə aid olan köhnə sistem tamamilə ləğv olunub. Hazırda uşağın sayına görə deyil, ailənin gəlirinə görə sosial təminat həyata keçirilir”.

Qeyd edək ki, hazırda ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti