Uşaqlar arasında Hepatit B xəstəliyi azalıb

Uşaqlar arasında Hepatit B xəstəliyi azalıb
  18 Yanvar 2017    Oxunub:3189
2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib:

“Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-cı ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmamış; tetanus, xəstəliyi isə tək-tək hallarda qeydə alınmışdır. Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur”.

Qeyd olunub ki, son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilmişdir. 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq edilməsi bu gün Azərbaycanda, uşaqların inkişaf edib Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti