`Bu haqda heç kim susmamalıdır` - Ukraynalı yazıçı Xocalı soyqırımı haqqında (VİDEO)

`Bu haqda heç kim susmamalıdır` -  Ukraynalı yazıçı Xocalı soyqırımı haqqında (VİDEO)
  26 Fevral 2017    Oxunub:9617
AzVision.az ukraynalı yazıçı Daşa Yevtuxovayla eksklüziv müsahibəni təqdim edir:

- Sizi Xocalı soyqırımının 25 illiyi münasibətinə həsr olunan şeir yazmağınıza nə vadar etdi?

- Düzünü desəm, yaxın vaxtlara qədər mən bu dəhşətli faciə, insanlığa qarşı bu dəhşətli cinayət haqqında heç nə bilmirdim. Bu faciənin miqyasi barədə öyrənəndə isə mən Azərbaycan xalqına dərdinə şərikliyimi nümayiş etdirmək istədim. Ümumilikdə, bunu etməyə məni üç motiv vadar etdi.

Birinci motiv – Həyatımın ən pis vaxtlarından birində bir Azərbaycan ailəsi mənə kömək etdi. Onlar mənə olduqca yaxın adamlardır, mənim hələ də onlarla çox yaxşı münasibətlərim var. Xocalı soyqırımı haqqında şeirim isə mənə bu qədər yaxın olan insanlara, xalqa qarşı hörmətimin göstəricisidir.

İkinci motiv – ümumbəşəri xarakter olmasıdır. Dərinin rəngindən, gözün ölçüsü, dinindən asılı olmayaraq hamımız insanıq. Bizim hər birimiz bunu anlamalı, digər insan yaşamaq hüququna hörmət etməliyik. Xocalı soyqırımını törədənlər azərbaycanlıların yaşamaq hüququnu onların əllərindən alıblar. Bu cəzasız qalan klassik cinayətdir. Bu cinayət haqqında heç kim susmamalıdır.

Üçüncü motiv – gələcək nəsillər qarşısında məsuliyyətin dərk edilməsi və gələcəkdə belə bir cinayətin təkrarlanmasının qarşısını almaq istəyidir. Azərbaycan və Ukrayna gəncləri yalnız xoşbəxt, sülh şəraitində yaşamalıdır. Bizim vəzifəmiz – onların bu hüququnun reallaşmasına təmin etməkdir.

- Sizin şeirinizə çəkilən klipdə kimin səsi eşidilir?

- Orada Xocalı soyqırımının canlı şahidi adından xüsusi olaraq dəvət olunan uşaq və qadın səsi eşidilir. Onların işi mənim çox xoşuma gəldi, onlar şeirin ruhunu çatdıra biliblər.

- Ukraynada nəyin ki, Xocalı soyqırımı, hətta ümumilikdə 20 ildən çox davam edən ermənilərin Azərbaycan torpaqlarının 20%-nin işğal etmələri barədə az məlumata malik olmaları barədə fikirlə razısınızmı?

- Bəli, razıyam. Mənim subyektiv fikrimcə, baş verənlərin yalnız siyasi motivləri var. Ehtimallarıma görə, əvvəlki Ukrayna rəhbərliyi öz vətəndaşlarını bu məsələlər barədə məlumatlandırmaqda maraqlı olmayıb. Əgər bizim ölkənin vətəndaşları Xocalı soyqırımı və Azərbaycanın 20%-nin işğalı barədə hərtərəfli və tam məlumata malik olsaydılar, onda onlar son nəticədə mənim ölkəmə qarşı tətbiq olunan ssenarilərə daha hazır olardılar. Mən Krımın Rusiya tərəfindən ilhaqı və onun Donbasda separatizmə verdiyi dəstəkdən danışıram.

Biz bir-birimiz haqqında daha çox bilməliyik. Bu məsələdə isə jurnalistlərin rolu sadəcə əvəzedilməzdir. Məsələn Ukrayna və Azərbaycanın müxtəlif şəhərlərinin sakinləri arasında müntəzəm olaraq telekörpülər təşkil oluna, Ukraynalılar və azərbaycanlıların həyatları haqqında televerilişlər çəkmək olardı. İnternet əsrində informasiya sürətlə yayılır. Yalnız ilk addımı atmaq lazımdır. Əminəm ki, bu hamımızın xeyrinə olar.

- Necə düşünürsünüz, sizin Xocalı soyqırımı haqqında şeir yazmanızın Ukraynada erməni diasporunun nümayəndələri tərəfindən açıq narazılıqla qarşılanma riski varmı?

- Mənim tanışlarım arasında ermənilər var. Hesab edirəm ki, onlar mənim Xocalı soyqırımının 25 illiyinə həsr edilən şeir yazmağım barədə məlumatlıdırlar. Onlar tərəfindən mənə hər hansı bir təhdid olunmayıb. Düşünürəm ki, gələcəkdə də heç bir təhdid olmayacaq. Çünki, mədəni insanın əsas göstəricilərindən biri öz səhvlərini və cinayətlərini etiraf etməsidir.

- Yeri gəlmişkən, Qarabağ münaqişəsinin olmasına baxmayaraq Ukraynada azərbaycanlılar və ermənilər dinc şəkildə yaşayırlar. Bunu nə ilə izah edirsiniz?

- Bundan əlavə, Ukraynada onların dostluğu və hətta azərbaycanlılar və ermənilər arasında evliliyə dair xeyli nümunələr var. Məhz bu nümunələr Qarabağda münaqişənin sülh və ədalətli formada həll olunacağına inam yaradır. Şablon kimi səslənsə də sülh üçün də vuruşmaq lazımdır. Çünki biz hamımız gələcək nəsillərə dünyanı necə ötürəcəyimizə dair məsuliyyət daşıyırıq.

- Siz Azərbaycanda olmusunuzmu və bizim ölkəmizin bugünkü inkişafı barədə sizə şəxsən nə məlumdur?

- Azərbaycana gəlməyi çox istəsəm də hələlik Azərbaycanda olmamışam. Buna baxmayaraq mən bilirəm ki, sizin ölkəniz inamla inkişaf edir. Qarabağ müharibəsində minlərlə azərbaycanlının ölməsi, ölkə ərazisinin beşdə birinin erməni işğalı altında olması, ölkədə milyondan çox qaçqının olması, onların inkişafı və həyatı üçün normal şəraitin yaradılması nəzərə alınsa, Azərbaycanın inkişafı barədə məlumatları eşidəndə mat qalırsan. Bu çətinliklərə baxmayaraq inkişafa dair nümunədir. Ümid edirəm ki, mənim ölkəm, Ukraynada mövcud çətinliklər, faciə və itkilərə baxmayaraq sonda inkişafa nail ola biləcək.



P.S: AzVision.az redaksiyası Azərbaycan reallıqları ilə yerində tanış olması və canlı olaraq Xocalı faciəsinin qurbanları ilə görüşməsi üçün Daşa Evtuxovanı Bakıya dəvət edir.

Əkbər Həsənov
Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər:





Xəbər lenti