Uğurun yaratdığı diskomfort

Uğurun yaratdığı diskomfort
  08 Dekabr 2016    Oxunub:3524
Günel Səfərova
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru

Qəribə bir meyl yaranıb, az qala siyasi cərəyana, mətbu hərəkata çevrilsin. Şəxsi ambisiyalar, ittihamlar ümummilli dəyərlər üzərindən firladılaraq, tutalqaya çevrilərək, sapand daşına döndərilir. Naşı adamlar bunu epizodik və situativ edəndə bağışlamaq olur, layiq olmadığına çatmadığından, əldə edə bilmədiyindən ötəri çamura əl atanı bağışlamaq da bir elə çətin olmur.

Nəzərə alırsan ki, adam konyunkturadan istifadə edib yararlanmaq istəyir, "tutar qatıq, tutmaz ayran" prinsipiylə bir pay qoparacağını zənn edir. Olsun. Amma durub artıq tendensiyaya çevriləndə, istər-istəməz həqiqətin və ədalətin sənə tənəli baxışlarının altında davam gətirə bilmirsən, münasibətini, mövqeyini ortaya qoymalı olursan!

Çünki hədəfə alınan təkcə vətəndaş, yaxud da sadəcə sıradan olan biri deyil ki, özünü "qoç döyüşünə qoç dayanar" davasına tamaşaçı olmağa məcbur edəsən!

Hədəf Azərbaycan dövlətinin və onun yürütdüyü xarici siyasətin önəmli, üzdə olan, Avropada və eləcə də dünyada layiqli təmsilçisi, eyni zamanda xalqla dövlətin qarşılıqlı anlaşmasını təmin edən, demokratik təsisatların təşəkkülünü formalaşdıran, buna cavabdehlik daşıyan nümayəndəsidir.

Söhbətin Azay Quliyevdən getdiyi yəqin ki, təxmin edildi. Son parlament seçkilərindən sonra durduq yerdə medianı Azay bəyin əleyhinə kampaniya bürüdü. Demokratik düşüncənin önəmli simalarından biri kimi, həm Azay Quliyev, həm də rəhbəri olduğu təşkilat tərəfindən bunlar arqumental şəkildə cavablandırıldı, üzr istəyənlər bağışlanıldı, üzr istəməyənlər, rejissorlar və ssenaristlər kulisdə qalsa da, şəbəkəyə bir də yenidən qoşulmaq üçün məqam gözlədilər.

Əslində Azay Quliyevi ləkələmək və Şuranın işini gözdən salmaq üçün başladılmış kampaniyanın xeyri onda oldu ki, fakt olaraq təsdiqləndi: Şura ölkədə fəaliyyət göstərən şəffaf, aşkar və hesabatlı donordur. Məqam gözləyən xəlvətçilər özlərini büruzə verdikdən sonra isə, heç bir halda və heç nədə gözükölgəli olmayan Azay Quliyev və başçılıq etdiyi Şura ötən müddətdə il ərzində bir neçə dəfə öz fəaliyyəti haqqında ictimaiyyət qarşısında yazılı və şifahi hesabat verdi, icra olunan layihələrin hər biri haqqında müfəssəl məlumatı özündə əks etdirən kitab çap etdirdi, ətraflı məlumatları internet səhifəsində yerləşdirdi. İcra olunan layihələr və görülən işlər haqqında hər kəs istədiyi məlumatı əldə edə bildi.

Hər il müsabiqə mövzularını elan etməmişdən öncə onu ictimai müzakirəyə təqdim edən və QHT-lərin rəylərini nəzərə almaqla maliyyələşdirəcəyi istiqamətləri müəyyənləşdirən Şuranın obyektivliyi danılmazdır.

QHT-lərlə “canlı təmas”dan imtina olunub, müraciətlər elektron qaydada həyata keçirilir.
Əlavə daha bir fakt deyək: Şura 2015-ci ildə qənaət etdiyi 347 min manatı büdcəyə qaytarıb.
Heç bir şərh vermək istəmirik.
Şəffaflıq üçün daha bir addım: “qaynar xətt” xidməti təşkil olunub!
Fəaliyyət sahəsində prioritet saydığı təbəqə -şəhid ailəsi, müharibə veteranı və əlili, qaçqın və məcburi köçkün, bir sözlə, müharibədən əziyyət çəkmiş hər kəs olan Şuraya bunca aqressiya nədən?

Azərbaycanı Avropa Parlamentində yüksək tribunadan və seçkili statusda, həlledici səslə təmsil edən Azay Quliyev ilk növbədə həm də bizim intellektual sərvətimizdir. Bu uğurlara isə öz siyasi yetkinlik, vətəndaş bütövlüyü ilə imzanı illər ərzində atıb. Adamın siyasi səbatı, əqidə dönməzliyi, ümummilli ideyalara və bəşəri prinsiplərə sədaqətliliyi, təmsil olunduğu xəttə sadiqliyi, Azərbaycanı xarici təşkilatlarda təmsil etməsi nədən bu qıcığı yaratsın? Axı, xarici təşkilatlardan Azərbaycanın səsinin eşidilməsi illərdi çalışdığımız və arzuladığımız iş idi. İşimiz bitibmi yoxsa? İnsaflı olaq, Azay Quliyev yaxşı təmsilçidir axı! Bunu həm də bir seçici kimi deyirəm.

Təkcə mətbuatın və "qeheteşnik"lərin qəzəbi, qısqanclığı olsaydı, anlamaq olardı. Amma bu qəzəb Azay Quliyevə qarşı həm də həmkarlarından, təmsil olunduğu düşərgədən qaynaqlanır.

Azərbaycan böyük ideallar ölkəsi, böyük düşüncələr və böyük uğurlar ölkəsi olsa da, informasiya təhlükəsizliyi baxımından çox kiçikdir. Anında aydınlaşdırmaq olur ki, bu hansı xətdir! Heç pelenq sisteminə ehtiyac yoxdur!

Və ən pisi də odur ki, bu ədalətsizliyə doğrudan da QEYRİ-HÖKÜMƏT təşkilatları olaraq, Dövlət Dəstəyi Şurasından dəstək alanlar da susur. Heç kim özünü dilə-dişə salmaq istəmir, heç kimlə üz-göz olmaq istəmirlər. Halbuki Azay Quliyev onlar üçün yaradılmış təşkilatın elə onlar üçün də, vətən üçün də faydalı olması səbəbindən "vurulur"!

Keçərli layihələri udmaqdansa, bununla da öz ötəri-keçəri demokratlıqlarına bürünməkdənsə, arada bir vicdanın səsinə də qulaq asmaq lazımdır, ətrafa da baxmaq lazımdır, uğurlara dözməyənlərə təpki də göstərmək lazımdır!

Biz öz payımıza ona görə dindik ki, Azay Quliyevin uğurları bizim - Azərbaycanın uğurlarıdır! Və bu uğurlar kimlərdəsə diskomfort yaradır!

Haydı, hər kəs yerinə!

P.S. 17 ildir ki, ictimai sektordayam - könüllü, beynəlxalq təşkilatlarda layihə rəhbəri, yerli və beynəlxalq proqramlarda təlimçi, ekspert olmuşam. QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılanda onun formal olacağından qorxurdum.
Şuranın vacib və effektli iş gördüyü qənaətinə son 6 ildə gəlmişəm. Çünki yerli təşkilatlar mənə ekspert kimi məhz son illər müraciət edir və peşəkar yanaşmanın donorun tələbi olduğunu vurğulayırlar.
Deyim ki, nə təşkilat rəhbəri, nə də ekspert kimi indiyə qədər Şura ilə əməkdaşlıq etməmişəm, qrant müsabiqəsinin qalibi olmamışam.


Teqlər:  





Xəbər lenti