Üç ölkənin prezidenti İlham Əliyevi təbrik edib

Üç ölkənin prezidenti İlham Əliyevi təbrik edib
  22 May 2015    Oxunub:1833
Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May- Respublika Günü münasibəti ilə təbrik edib.
E. Rəhmonun məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə sizə ən səmimi təbriklərimi çatdırmaq məndə böyük məmnunluq hissi doğurur. Dəqiq siyasi kurs və sabit iqtisadi yüksəliş sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyən ölkənin təcəssümünə çevrilib.

Ölkələrimizi tarixi dostluq əlaqələri və qarşılıqlı hörmət hissləri bağlayır. Biz Tacikistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının bütün istiqamətlər üzrə perspektivlərinə nikbinliklə baxırıq və onun zəngin potensialını həyata keçirmək üçün hər cür səy göstərməyə hazırıq.

Əminəm ki, biz ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə münasibətlərimizə birgə səylərlə daha çox dinamizm və praktiki məqsədyönlülük verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

Pakistan prezidenti Məmnun Hüseyn də İ. Əliyevi 28 May- Respublika Günü münasibəti ilə təbrik edib. Onun ünvanladığı məktubda deyilir:

“Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Bizim ortaq maraqlarımız, dəyərlərimiz, regionlarda sülh və sabitlik üçün töhfələrimiz bir-birimizə siyasi məsələlərdə güclü qarşılıqlı dəstəklə ifadə olunur. Əminəm ki, bizim əlaqələr yaxın zamanda daha da güclənəcək, xalqlarımızın rifahı və firavanlığı artacaq.

Bu ilin martında Azərbaycana səfərim zamanı razılaşdırdığımız kimi, bütün sahələrdə ikitərəfli əməkdaşlığımızın daha da genişlənəcəyinə əminəm. Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.

İ. Əliyevi 28 May- Respublika Günü münasibəti ilə Ukrayna prezidenti Pyotr Poroşenko da təbrik edib. P. Poroşenkonun məktubunda deyilir:

“Hörmətli cənab prezident, sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti