Türkiyəyə gedə bilməyən ruslar Azərbaycana gələcək?

Türkiyəyə gedə bilməyən ruslar Azərbaycana gələcək?
  30 Noyabr 2015    Oxunub:2534
“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi iki ölkə arasında turistlərin səfərlərinin sayının azalmasına gətirib çıxaracaq”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin gedişatından asılı olmayaraq, Azərbaycan Rusiya bazarında turizminin layiqincə təmsil olunmasında maraqlıdır və bunun üçün də addımlar atılmalıdır:

“Gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və “AZAL”la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik”.

Türkiyənin dünya turizm məkanında özünəməxsus təcrübəyə malik olduğunu deyən nazir qeyd edib ki, Türkiyədə olan turizm şəraitini Azərbaycan yaratmaq çətindir:

“Rusiyadan Türkiyəyə gedən insanlar daha çox isti iqlimə, dəniz kənarında istirahətə üstünlük verirlər. Biz Azərbaycana gələcək turistlərə ancaq səyahət, qış, ziyarət, mədəni, müalicə, qostronomik və digər turizm növləri təqdim edə bilərik. Bu çeşidlər imkan verir ki, hər bir istiqamət üzrə maraqlanan insanları Azərbaycana cəlb edək. Azərbaycana gələn insanların arasında Rusiyanın bazarı çox böyük faiz təşkil edir. Ona görə də bu, bizim üçün prioritet istiqamət olaraq qalır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti