Türkiyədən Rusiyaya cavab - Gəmilərə qadağa qoyuldu

Türkiyədən Rusiyaya cavab - Gəmilərə qadağa qoyuldu
  01 Dekabr 2015    Oxunub:8156
Türkiyə ötən gün Bosfor boğazını keçmək istəyən rus gəmilərini saatlarla gözlədib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər. Onlar qeyd edib ki, boğazda onlarla rus gəmisi gözləməli olub.

Bu arada elə həmin gün Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) və Sahil Mühafizə Xidməti Bosfor və Dardanel boğazları arasında yerləşən Mərmərə dənizində hərbi təlimlərə başlayıb. Təlimdə məqsəd Bosfor boğazının hərbi yolla bağlanılması olub.

Rusiya bu vəziyyətdə Türkiyə tərəfinə qarşı heç bir irad irəli sürə bilməz. Türkiyə hərbçilərinin bu təlimləri anti-terror xarakteri daşıyır. Bundan əlavə bu təlimlər qeyri-qanuni miqrantlara qarşı yönəlib.

Türklərin bu addımının səbələri isə hamıya məlumdur. Belə ki, Türkiyə Bosfor boğazını bağlasa, bu avtomatik Krım yarımadasında Rusiyaya məxsus HDQ-nin bazasının avtomatik bloklanması anlamına gəlir. Bu zəmində Rusiyanın Qara dəniz donanması fəaliyyətsiz, yarımadanın özü isə tamamilə sivilizasiyadan kənar qalacaq.

Bundan başqa münasibətlərin gərginləşməsi fonunda əgər Türkiyə Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane olsa rəsmi Moskvanın Suriyadakı keçirdiyi əməliyyatlar yarımçıq qala bilər. Çünki, Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırılması çətinləşəcək. Lakin Türkiyədə bunu beynəlxalq hüquqa söykənərək edə bilər. Belə ki, 1936-cı ildə imzalanan `Montre` konvensiyasına əsasən Ankara bu addımı yalnız ona qarşı müharibə təhlükəsi olacağı təqdirdə ata bilər. Bu hal baş versə belə, müəyyən məhdudiyyətlərlə Türkiyə boğazlardan Rusiya ticarət gəmilərinin keçidinə mane olmamalıdır.

Baş verən hadisələrin fonunda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov dərhal məsələ ilə bağlı reaksiya verib. O, jurnalistin `Türkiyəyə məxsus təyyarə vurularsa, bu ölkə Bosfor və Dardanel boğazlarını bağlaya bilərmi?` sualını belə cavablandırıb: “Siz tamamilə qiyamət ssenariləri qurursunuz. Fikrimizcə, hazırda Türkiyə rəhbərliyinin nə edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Gəlin qiyamət kimi ssenarilərdən danışmayaq”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti