Türkiyə Zəfər bayramını qeyd edir

Türkiyə Zəfər bayramını qeyd edir
  30 Avqust 2014    Oxunub:1492
Bu gün qardaş Türkiyə Zəfər bayramını qeyd edir.
Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.

Ölkə bütünlüyünü qorumaq üçün başlayan çoxsahəli hərbi mücadilə bir neçə mərhələdən keçib. Bu mücadilə 1919-1922-ci illər arasında gerçəkləşərək 11 oktyabr 1922-ci ildə imzalanan Mudanya müqaviləsiylə faktiki və 24 iyul 1923-cü ildə imzalanan Lozanna anlaşmasıyla rəsmən sona çatıb. Tarixdən də bəlli olduğu kimi, Türkiyə Cümhuriyyətinin varlığına aparan İstiqlal Savaşı dörd mərhələyə ayrılır.

Birinci mərhələ I Dünya müharibəsindən sonrakı dönəm kimi tarixə düşüb. Bu Mondros müqaviləsi qüvvəyə mindiyi 1918-ci il oktyabrın 31-dən Mustafa Kamal Atatürkün 9-cu ordu müfəttişi olaraq Anadoluya yola çıxdığı 1919-cu il mayın 19-dək olan dövrü əhatə edir. İkinci mərhələ təşkilatlanma dönəmi adlanır və 1919-cu ilin may ayından Ankarada Böyük Millət Məclisinin açıldığı 1920-ci ilin aprelinədək davam edib.

Üçüncü mərhələ hakimiyyətin formalaşması dönəmidir ki, 1920-ci ilin aprelindən London Sülh Konfransının ikinci bölməsinin başladığı 1922-ci ilin martınadək olan zaman kəsiyini əhatə edib.

Nəhayət, dördüncü mərhələ tarixə sülhün yaradılması dönəmi kimi düşüb və 1922-ci ilin martından Cümhuriyyətin elan edildiyi 29 oktyabr 1923-cü ilə qədər olan dövrü əhatə edib.

Sadaladığımız bu hadisələr içərisində Zəfər Bayramının isə xüsusi yeri var. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd edilən bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, rəmzi olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 1923-cü ilavqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq isə 1936-ci ilin may ayında elan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti