Toydan qayıdan avtobus qəzaya düşdü: 21 yaralı

Toydan qayıdan avtobus qəzaya düşdü: 21 yaralı
  22 Sentyabr 2014    Oxunub:1345
Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb.
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 01:30 radələrində Şəki-Qax yolunun Şəki rayonunun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü Şəki şəhər sakini İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes” markalı 55 BO 926 dövlət nömrə nişanlı mikroavtobusla Şəki şəhəri istiqamətində hərəkətdə olarkən öncə qarşısına çıxan atı vurub. Daha sonra o, idarəetməni itirərək mikroavtobusu yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü İlham Ramazanov və Şəki rayonunun Baltalı kənd sakinləri olan 21 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan 4 nəfər - Əhmədova Sədayə, Cəfərov Şakir, Əhmədov Ehtiram və Paşayev Vüsalın xəsarətləri ağır olduğundan, onlar xəstəxanaya yerləşdirilib. Xəsarətləri yüngül olan 18 sərnişin isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Məlumatda bildirilir ki, yol qəzasına düşənlər rayonun Baltalı kəndində bir ailənin nümayəndələridir. Onlar Balakən rayonunda yaşayan qohumlarının Balakən şəhərində keçirilən toy məclisindən geri qayıdırlarmış.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti