Tarixi referendum başladı

Tarixi referendum başladı
  26 Sentyabr 2016    Oxunub:3815
Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinə (referendum) start verilib.

AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında ölkə üzrə səsvermənin başladığını elan edib.

M.Pənahov bildirib ki, 5 milyon 300 mindən artıq seçicinin səsverməsi üçün 5627 seçki məntəqəsi hazır vəziyyətə gətirilib: “Eyni zamanda 38 konsul və xarici səfirliklərin nümayəndəliklərində seçki məntəqələri yaradılıb. 1000 məntəqədə veb-kameralar quraşdırılıb ki, bunla seçkilərin gedişini canlı şəkildə izləmək mümkün olacaq“.

MSK sədri qeyd edib ki, seçkini 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək: “Seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gəlib. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akreditasiyadan keçib. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan keçib. Həmin şəxslər həm paytaxtda, həm də bölgələrdəki seçki prosesini müşahidə edə bilərlər. Yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib. Eyni zamanda 34 min nəfərə yaxın şəxs öz təşəbbüsü ilə müraciət edib. 2 min 700 şəxs siyasi partiyalar tərəfindən təqdim olunub. QHT-lər 1046 nəfər təqdim edib”.

M.Pənahov bildirib ki, komissiya saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.

Saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb. Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti