Tarif Şurasının qərarı niyə dəyişdirildi? – TƏHLİL

Tarif Şurasının qərarı niyə dəyişdirildi? – TƏHLİL
  24 Dekabr 2016    Oxunub:7991
Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə əhali tərəfindən təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəş limiti qaldırıldı.

Xatırladım ki, noyabrın 28-də Tarif Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat/saatı üçün pərakəndə satış tarifi əhali üçün aylıq elektrik enerjisi istehlakı 250 kilovat/saatadək olan istehlakçılar üzrə 7 qəpik, 250 kilovat/saatdan çox olan hissə üzrə isə 11 qəpik müəyyənləşdirilmişdi.
Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik təyin edilmişdi.

Beləliklə, Prezidentin tapşırığına uyğun olaraq, aylıq elektrik enerjisi istehlakı üzrə 7 qəpikdən hesablanacaq 250 kilovat/saat 300 kilovat/saata, 10 qəpikdən hesablanılacaq illik qaz istehlakı həcmi isə 1500-dən 1700 kubmetrədək qaldırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə əhalinin təbii qaz və elektrik enerjisindən istifadəsinə görə güzəş limitinin bu cür qaldırılması, başqa sözlə desəm, aylıq elektrik enerjisi istehlakı üzrə 7 qəpikdən hesablanacaq 250 kilovat/saatın 300 kilovat/saata, 10 qəpikdən hesablanılacaq illik qaz istehlakı həcminin isə 1500 kubmetrdən 1700 kubmetrədək yüksəldilməsi olduqca təqdirəlayiq haldır.

Bu, əhalinin aztəmiatlı hissəsinin problemlərinin Prezidenti daha çox düşündürdüyü deməkdir. Eyni zamanda, hökumətin qərarlarına ilk növbədə əhalinin sosial-iqtisadi vəziyyəti prizmasından yanaşdığını sübut edir.

Əslində, bu cür limit şərtləri Tarif Şurasının noyabrın 28-də verdiyi məlum qərar zamanı nəzərə alınmalı idi. Məlum olduğu kimi, qazın və işığın qiymətlərinin artırılmasına dair Tarif Şurasının son qərarı birmənalı münasibət yaratmamışdı. Və sözügedən qərara münasibətdə narazı olan tərəf də haqlı görünürdü, qiymətlərin artırılmasını əsaslandıran tərəf də. Ancaq bu barədə şərhimdə izah etmişdim ki, qiymətlərin artırılması başadüşüləndir. Çünki məsələ bundan ibarət idi ki, təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi ki, bu da 1 kubmetrə 10 qəpik demək idi.

İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. Belə ki, 2016-cı il 14 iyul tarixində Tarif Şurasının növbəti iclasında “Azərişıq” ilə “Azərenerji” ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdi ki, həmin qərara əsasən, 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq - 2007-ci ilin yanvarından 6 qəpik təyin edilmişdi.

İkincisi də, aradan keçən bu müddət ərzində ölkədə elə bir sahə olmayıb ki, qiymət artımı baş verməsin. Ən azı manatın dollar qarşısında 2 dəfə devalvasiyaya uğradığı faktını nəzərə almalı idik.

Ancaq əlbəttə, bu da bir həqiqətdir ki, əhalinin ölkənin istehlak bazarında son qiymət artımları, inflyasiya, manatın kəskin ucuzlaşması tendensiyaları ilə bağlı sosial-iqtisadi vəziyyəti - real gəlirləri azalıb və zəifləyib. Nəzərə alsaq ki, qazın tarifi təqribən, 2 dəfə, işiğınki isə 1,6 dəfə artırılıb, bunun hamı üçün eyni dərəcədə tədbiq olunması vətəndaşların aztəminatlı təbəqəsi üçün onların sosial-iqtisadi durumu baxımdan, böyük fəsadlar yarada bilərdi. Və nəticədə yığım faizi özü belə aşağı düşəcəkdi.

Odur ki, Tarif Şurası qiymət artımına diferensiallaşdırılmış şəkildə yanaşmağa məcbur oldu. Bu da ki, ölkəmizdə neçə illərdən bəridir, həyata keçirilən ümumi qiymət siyasətində ilk belə haldır. Yəni, indiyədək demək olar, heç bir sahədə və istiqamətdə qiymətlərdə differensiallaşdırma tədbiq olunmamışdı.

Ancaq etiraf edək ki, limit aşağı idi. Düzdür, son tarif artımlarından sonra əhalinin təbii qazdan istifadə edənlərin təqribən 62% hissəsinin, elektrik egnerjisindən isə 72%-i yenə əvvəlki qiymətlərlə ödəniş etməli olacaqdılar.

Lakin, qeyd olunduğu kimi Prezidentin müdaxiləsi nəticəsində indi bu rəqəmlər müvafiq olaraq 75% və 80% təşkil edəcəkdir. Bu da ki, əhalinin əlavə bir hissəsinin də sosial vəziyyətinin nəzərə alındığı deməkdir. Yəni, beləliklə, elektrik enerjisindən istifadə edənlərin 4/5, qazdan istifadə edənlərin isə 3/4 hissəsi əvvəlki tariflərlə ödənişlər edə biləcəklər.

Ancaq burada bir nüans var ki, mütləq nəzərə almaq lazımdır. O da ondan ibarətdir ki, hökumət "ölçülü-biçili" qərarlar qəbul etməyə öyrəşməlidir. Mən, bir az əvvəl hökumətin, yəni Tarif Şurasının həm qazın, həm də elektrik enerjisinin pərakəndəsatış qiymətlərini yüksəltməsinə haqq qazandıraraq, bunun səbələrini izah etdim.

Lakin, cənab Prezident sonradan müdaxilə edərək hansısa "korrektələr" etməyə məcbur qalırsa, demək ki, sözügedən qərarlarda hər halda, cüzi də olsa, natamamlıq mövcuddur. Bu, birinci mənfi cəhətdir.

İkinci mənfi cəhət isə ondan ibarətdir ki, ümumiyyətlə, anoloji qərarlar, xüsusən elektrik enerjisi ilə təbii qazın tariflərinə soyuq fəsillərdə baxmaq özü də məqsədəuyğun deyil.
Görəsən, bunu da Prezident xatırlatmalı idimi?!.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti