TQDK buraxılış imtahanı ilə qəbul imtahanını birləşdirdi

TQDK buraxılış imtahanı ilə qəbul imtahanını birləşdirdi
  02 Oktyabr 2013    Oxunub:12793
TQDK qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınin (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, TQDK növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub.

TQDK-dan verilən məlumata görə, həmin dəyişikliklər yalnız texniki xarakterlidir və qəbul imtahanının məzmununa aid deyildi: `Belə ki, gələn il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında aparılması nəzərdə tutulur.

Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Həm əvvəlki illərin , həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali məktəblərə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.

2014-cü ildə buraxılış imtahanları yenə də Ana dili və riyaziyyat fənlərindən olacaq.

Digər nəzərdə tutulan yenilik isə 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaqdır. Beləliklə 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.
Qeyd olunan məsələlərlə bağlı daha ətraflı məlumatları nəzərdə tutulan yeniliklərə dair qərarlar müvafiq hüquqi qüvvəyə mindikdə təqdim olunacaq`.

Sevinc


Teqlər:  





Xəbər lenti