Sular çirkli deyil - “Azərsu” dan təkzib

Sular çirkli deyil - “Azərsu” dan təkzib
  31 İyul 2015    Oxunub:2026
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin internet saytında iyulun 30-da yerləşdirilən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir” (http://sehiyye.gov.az/main/1086-respublika-gigiyena-ve-epidemiologiya-merkezi-nezaret-tedbirlerini-heyata-kecirir.html) başlıqlı məlumat bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş formada verilib. Həmin materiallarda I və II abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilib.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, bir sıra mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı məlumatın I abzasında göstərilənlərdən çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayımlayıblar.

Halbuki rəsmi məlumatın I hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunub və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilən, bilavasitə içməli suyun çirkli olması məsələsi ilə əlaqələndirilib.

“Azərsu” ASC bir daha bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir. Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur. Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır.


Teqlər:





Xəbər lenti