Strateji yol xəritəsi nələri dəyişəcək? - ŞƏRH

Strateji yol xəritəsi nələri dəyişəcək? - ŞƏRH
  10 Dekabr 2016    Oxunub:20584
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb. Ölkə başçısının fərmanı Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı prezidentin fərmanını şərh edərək bildirib ki, Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb.

-Strateji baxış Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Bu strateji baxışın altında funksional olaraq 11 sektor müəyyənləşib. Bunlardan 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır.

İki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Bu, həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzində də insan amili dayanır.



Üç sektorda isə biz telekommunikasiya və maliyyə-bank sektorunu infrastruktur çətiri altında birləşdirmişik. 11 sektoral yanaşma ilə bərabər biz 4 əsas prioritet istiqamət müəyyənləşdirmişik. Bu istiqamətlər 11 sektorun hər birinə aiddir. Bunlar, ilk növbədə, fiskal və monetar siyasətin uzlaşdırılması, ikinci istiqamət insan kapitalının inkişafı və əmək bazarının regional, qlobal və milli iqtisadi inkişaf tələbatına uyğunlaşdırılmasıdır. Üçüncü prioritet istiqamət biznes mühitinin yaxşılaşdırılması, dördüncü isə dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsidir, - deyə Vüsal Qasımlı bildirib.

Deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrini özündə ehtiva edən strateji yol xəritəsi 2017-ci ildən başlayaraq 2030-cu ilə qədər mühüm vəzifələri yerinə yetiriləcək.



“Ölkə iqtisadiyyatının şaxələndirilməsi, kənd təsərrüfatı, ağır və yüngül sənaye, texnologiya, kimya sənayesi xüsusi olaraq Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcək. Strateji yol xəritəsi iqtisadiyyatın sürətli inkişafına və bütövlükdə iqtisadiyyatımızın, büdcəmizin neft gəlirlərindən tamamilə azad edilməsinə gətirib çıxaracaq. Əminəm ki, bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafına və bütövlükdə dövlətimizin güclənməsində mühüm rol oynayacaq”.

Millət vəkili Vahid Əhmədovun fikrincə, strateji yol xəritələri Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır: “Dünyanın bir neçə tanınmış mütəxəssisi bu sənədlərin hazırlanmasına cəlb edilmişdi. Nəhayət, cənab prezident tərəfindən fərman verildi. Bu sənəd ölkənin gələcək inkişafının yol xəritəsidir. Faktiki olaraq 11 yol xəritəsinin təsdiq edilməsi tarixi əhəmiyyətə malikdir. Bir sözlə, kənd təsərrüfatından tutmuş maşınqayırma sənayesinədək iqtisadiyyatımızın bütün sferalarını əhatə edəcək tənzimlənmə paketi ortaya qoyulub. Prezidentin bu fərmanı ilə ölkənin inkişafına aparacaq addımların konturları cızılıb. Orada dövrlər göstərilib ki, hansı işi hansı müddətdə görmək nəzərdə tutulub. Mən hesab edirəm ki, bu sənəd Azərbaycanın ən azı yaxın 10 ili üçün fəaliyyət istiqamətlərinə mayak rolunu oynayacaq ən mükəmməl sənədlərdən biri olacaq. Çünki bu sənədin üzrərində həm ölkənin yerli mütəxəssisləri, həm beynəlxalq miqyasda tanınmış ekspertlər işləyib. Məndə olan məlumata görə, ən qısa zamanda həmin sənəddə əks olunan məsələlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz addımlar atılacaq”.



Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan prezidenti fərmanın icrasını hökümətə deyil, Prezident Administrasiyasına tapşırıb: “Son vaxtlar dövlət başçısı bir sıra ciddi və taleyüklü məsələləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə həvalə edir. Yeri gəlmişkən, bir daha qeyd etmək lazımdır ki, Ramiz Mehdiyev kifayət qədər peşəkarlığı və prezidentin tapşırıqlarına məsuliyyətli yanaşması ilə seçilib. Prezidentin qəbul etdiyi son sənədlərin icrasının məhz Ramiz Mehdiyevə tapşırılması onu deməyə əsas verir ki, bu istiqamətdə nəzərəçarpacaq işlər görüləcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur. İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq.

İqtisadçı vurğulayıb ki, strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır.

“Nəzərə almaq lazımdır ki, strateji yol xəritələrinin əvvəllər qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəki proqramların icrasında səmərəliliyin müəyyən edilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi, həm strateji xəritələrin müasir standartlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq”.



V.Bayramov əlavə edib ki, Strateji sənədlərin təsdiqi Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur: “Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, islahatların həyata keçirilməsi və bütövlükdə, iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir.

Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post-2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşıyır”.

Qeyd edək ki, dekabrın 6-da Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda vurğulanıb ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.

Fərmana əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Sənədin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti