Strateji Yol Xəritəsinin icrasına 27 milyard lazımdır

Strateji Yol Xəritəsinin icrasına 27 milyard lazımdır
  09 Dekabr 2016    Oxunub:2560
Milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib.

Qeyd olunub ki, ilk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaq. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Bildirilib ki, hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır. Belə ki, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

dövlət büdcəsi;
büdcədənkənar fondlar;
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
yerli büdcələr;
mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
birbaşa xarici investisiyalar;
ölkənin bank sisteminin kreditləri və qrantlar;
beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;
qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti