Sosial evlər nə vaxt tikiləcək? - Hamı səbrsizliklə gözləyir

Sosial evlər nə vaxt tikiləcək? - Hamı səbrsizliklə gözləyir
  14 Aprel 2016    Oxunub:4981
“Azərbaycanda sosial evlərin tikilməsi tamamilə realdır və yəqin ki, bu il mənzillərin tikintisinin şahidi olacağıq”
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, sosial evlərin tikintisi bir çox cəhətdən əlverişlidir:

“İlk növbədə aztəminatlı insanların mənzilə olan ehtiyacı qısa müddət ərzində ödənilir və sosial evlərin maya dəyəri ucuz başa gəldiyi üçün onun satılması ilə daha çox evlər tikmək olur. Digər tərəfdən sosial evlərin üstün cəhəti ondadır ki, insanların mənzil sahibi olmaq üçün əlində kifayət qədər vəsaiti yoxdursa, kirayədə qalırsa, həmin müqaviləni sosial mənzil fondu ilə bağlayır. Vətəndaş öz mənzilində yaşayaraq kirayə pulunu verir. Pul tam ödənildikdən sonra vətəndaş müqaviləyə uyğun olaraq mənzili özəlləşdirir və həmin mənzildən istədiyi kimi istifadə edir. Sosial evlər adətən 2 və 3 otaqlı mənzillər olur ki, bu da gənc ailələr üçün çox əlverişlidir”.

Deputat qeyd edib ki, mənzillərin tikilməsi dövlət sifarişi əsasında dövlət təşkilatları tərəfindən, həmçinin dövlətin müəyyən dəstəyi ilə özəl şirkətlər və şəxslər tərəfindən həyata keçirilə bilər: “Bəzi ölkələrdə banklar da bu məsələlərlə məşğul olur və tikintiyə vəsait cəlb edirlər. Yəqin ki, Azərbaycanda özəl mənzil fondu yaradılar və həmin fondun dəstəyi hesabına binalar tikilər.

Hesab edirəm ki, bu, bir neçə variantda istifadə olunsa daha yaxşı olar. Həm banklar, həm də sosial mənzil fondu öz tərəfindən maliyyə prosesi həyata keçirə bilər. Həmçinin dövlət sahibkarlara müəyyən güzəştlər və şərait yaratmaqla, torpaqları pulsuz olaraq onlara verməklə, kommunikasiya xətlərinin çəkilməsində köməklik göstərməklə, müəyyən vergilərdən azad etməklə sahibkara dəstək oluna bilər ki, tikiləcək sosial mənzillərin maya dəyri aşağı olsun. Mənzillərin hansı müddətə verilməsi vətəndaşla sosial mənzili tikən hüquqi şəxsin, mənzil fondunun arasındakı müqavilədən asılı olacaq. Elə imkanlı şəxs ola bilər ki, 5 illik müqavilə bağlayar və bu müddətdə mənzilin dəyərini ödəyə bilər. Hansı müddətə ödənilməsi variantlarına da baxılacaq”.



M.Quliyev vurğulayıb ki, sosial mənzillərin tikintisi təkcə Bakı və böyük şəhərlərdə deyil, Azərbaycanın bütün rayonlarında həyata keçiriləcək: “Bu, urbanizasiya proseslərinə öz müsbət təsirini göstərəcək. Azərbaycan iqtisadiyyatın yeni mərhələsinə qədəm qoyur. Artıq qeyri-neft sektorunun inkişafı daha da sürətlənir. Qeyri-neft sektorunun inkişafı dövründə regionların inkişafı diqqətdə olan məsələdir. Kənd təsərrüfatı, turizm və digər sahələr regionlarla bağlı olduğuna görə, orada belə mənzillərin tikilməsi gənc işçilərin regionda məskunlaşmasına gətirib çıxaracaq. Digər məsələ sosial mənzillərin tikintisi ilə əlaqədar olaraq iqtisadiyyatın bir xeyli sahəsində inkişaf başlayacaq. Tikinti sektoru canlanacaq, tikinti materiallarının istehsalı inkişaf edəcək. Bu, bütövlükdə əhalinin məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artmasına gətirib çıxaracaq”.

Millət vəkilinin sözlərinə görə, bu təcrübə 1940-cı illərdən başlayıb və xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Avropa ölkələrində bir çox ciddi dağıntılardan sonra belə layihəyə start verilib.

“Bu sistem dağıntıların aradan qaldırılması üçün Avstriya, İsveç, Almaniya, Avstraliya və bir çox ölkələrdə geniş yayılmışdı. Düşünürəm ki, Azərbaycan Almaniya, ya da Avstriya modelinin götürə bilər. Cənab prezident də söylədi ki, artıq müəyyən xarici təcrübə öyrənilib. Hazırda hökumət bu işlə məşğuldur. Düşünürəm ki, müxtəlif varinatlardan istifadə etmək lazımdır. Yəni bir modeldən yox, bir neçə modeldən istifadə etmək olar. Həm sahibkarlara dövlət dəstəyi vasitəsilə, həm də bankları bu işə qoşmaq olar. Daha geniş şəkildə şə başlamaq lazımdır ki, qısa müddətdə sosial evlər tikilsin və vətəndaşlarımızın mənzil təminatı həyata keçirilsin”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti