Söhrab Tahir dəfn edilib

Söhrab Tahir dəfn edilib
  05 May 2016    Oxunub:1941
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Söhrab Tahirlə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

S.Tahir 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub.

İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə, Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.



Teqlər:  





Xəbər lenti