Siyavuş Novruzovun iradına nazirin cavabı...

Siyavuş Novruzovun iradına nazirin cavabı...
  20 Noyabr 2014    Oxunub:2202
Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təhsil naziri Mikayıl Cabbarov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib.
Nazir bildirib ki, gələn il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müddəti başa çatır:

“Bu günə qədər proqram çərçivəsində 755 gəncimiz xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 60 faizi isə özəl sektorlarda çalışırlar. Bütün bu kimi inkişafı nəzərə alaraq dövlət başçısı İlham Əliyevin xüsusi göstərişi ilə proqramın gələcəkdə davam etdirilməsi üçün hazırlıq işlərinə başlanılıb”.

Nazir həmçinin dərsliklərlə bağlı səsləndirilən iradlara da cavab verib. Onun sözlərinə görə, məktəblərdə bərk qabıqlı kitablar istifadə olunmur.

Nazir hətta çıxışı zamanı I sinif üçün ümumi 5 kitabın çəkisini də misal çəkib. O qeyd edib ki, bu kitabların ümumi çəkisi cəmi 1 kq 240 qramdır.

M.Cabbarov eyni zamanda xarici ölkələrdən Azərbyacan universitetlərinə professorların dəvət edilməsi məsələsinə də toxunaraq bildirib ki, bununla bağlı işlər görülür.

Peşə təhsili ilə bağlı məsələyə də münasibət bildirən nazir qeyd edib ki, bu sahə hökumətin daim diqqətindədir. Nazirlik bununla bağlı müvafiq işlər görür və görülən işlər artıq öz nəticəsini görür.

Qeyd edək ki, YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin ötən gün keçirilən iclasında kitablarla bağlı iradlarını bildirib.

“Kitabların üzlüklərini qalın edirlər ki, kimin başına vursalar gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti