Siyavuş Novruzov hansı işləri görəcək?

Siyavuş Novruzov hansı işləri görəcək?
  26 Noyabr 2015    Oxunub:3773
Ötən gün parlamentin yeni tərkibdə ilk iclası keçirildi. İlk iclasda yadda qalan məqamlardan biri də Milli Məclisdə 4 yeni komitənin yaradılması idi. Yeni yaradılan Səhiyyə komitəsinə Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinə Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinə Siyavuş Novruzov, Gənclər və idman komitəsinə Fuad Muradov sədr seçiliblər.

Yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov AzVision.az-a açıqlamasında rəhbəri olduğu komitənin görəcəyi işlərdən danışıb.

“Ölkəmiz müstəqillik əldə etdikdən sonra çoxlu sayda ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar yaranıb və hazırda fəaliyyət göstərirlər. Bundan əlavə Azərbaycanda bəzi adətlər var ki, həmin adətlərin sanksiyalaşdırılmasına ehtiyac duyulur. İstər dəfn, istərsə də mərasimlərlə bağlı məsələlərdən söhbət gedir. Bir zaman bu məsələlər qaldırıldı və gündəmdə oldu, lakin onların hüquqi bazası olmadığına görə daha geniş şəkildə öz əksini tapmadı. Bunlar cəmiyyət üçün xeyirli və vacib olan amillərdir. Bütün bunlar nəzərə alınaraq belə bir komitə yaradıldı”.

Komitə sədri hesab edir ki, cəmiyyətin əsas aparıcı qüvvəsi qeyri-hökumət təşkilatları, siyasi partiyalar və ictimai təşkilatlardır: “Dünyada əsas problemlərdən biri də müxtəlif dini cərəyanlar, onların fəaliyyət istiqamətidir. Bu baxımdan bizdə bu sahədə hökumət qurumları olmaqla yanaşı, onların tənzimlənməsi qanunvericilikdə də öz əksini tapmalıdır. Buna zərurət var idi. 3000-dən artıq qeyri-hökumət və ictimai təşkilatlar var. Həmçinin qeydiyyat keçərək fəaliyyət göstərən dini təşkilatları da qeyd etmək olar. Onların fəaliyyəti məhz qanun çərçivəsində olmalıdır. Ayrı-ayrı strukturların göstərişləri qanunla tənzimlənməlidir. Bu baxımdan həmin strukturlarla birlikdə gələcək fəaliyyətin tənzimlənməsi üçün müxtəlif qanunların hazırlanması, qəbul olunması həm QHT sektorunun inkişafı, həm də onların qanun çərçivəsində fəaliyyət göstərməsinə köməklik göstərəcək. Müxtəlif dövlətlər, təşkilatlar tərəfindən ayrılan qrantlar, həmin qrantların tamam başqa istiqamətlərə yönəldilməsinə ciddi nəzarət olunacaq”

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti