Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - ÖZƏL

Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - ÖZƏL
  28 May 2016    Oxunub:57413
Xəbər verdiyimiz kimi, İŞİD terror təşkilatının yaraqlıları Azərbaycanın din xadimlərini ölümlə hədələyiblər. Bu barədə terrorçular internetdə video yerləşdiriblər.

Yerli mətbuatda yayılan məlumatlara görə, videoçarx İŞİD-in rusdilli mediaqrupu olan “Furat” tərəfindən yayımlanıb. Bir müddətdən sonra video həm YouTube, həm də DailyMotion hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın “istifadə qaydalarını pozması” göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı “mülayim müxalifət”i təbliğ edən “NotrhCaucasus” adlı Twitter istifadəçisi videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx “Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc” (ribat — ön cəbhə) adlanır.



Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü “Qafqazlı Abdulla” adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər “Cəbhətül-Nusra”nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

Suriyaya “Qafqazlı Abdulla” dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. “NorthCaucasus” yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

AzVision.az Azərbaycanın dini liderini ölümlə hədələyən İŞİD-çi “Qafqazlı Abdulla” ilə bağlı yeni məlumatlar əldə edib.



“Qafqazlı Abdulla” ləqəbli İŞİD üzvü Qusar rayonunun Urva kənd sakini Yurik Xasıyevdir.

Əmisi Elşən Xasiyevin saytımıza bildirdiyinə görə, Yurik İŞİD-çilərə qoşularaq Suriyaya gedib: “Yurik qardaşım Gülmirzənin oğludur. Biz milliyətcə ləzgiyik. O, Suriyaya gedəndən sonra bizimlə əlaqə saxlamır. Əvvəl çox sakit uşaq idi. Suriyaya getməmişdən öncə fermada işləyirdi. Onu nadir hallarda görürdük. Bir də eşitdik ki, Yurik saqqal saxlayır. Deyilənə görə, onu bu yola radikal dindarlar çəkib. Yurik namaza başlayandan sonra qohumlarla əlaqəni kəsmişdi. Salam verəndə belə cavab vermirdi”.

E.Xasıyevin sözlərinə görə, atası bir neçə dəfə Yurikə xəbərdarlıq etsə də, o buna məhəl qoymayıb: “Atası Gülmirzə ona deyirdi ki, namaz qıl, amma radikal dindarlarla əlaqə saxlama. Yurik onun sözünə məhəl qoymadı və hamıdan xəbərsiz Suriyaya getdi. Ailəsi Yuriki Suriyaya necə getdiyini bilmir. Qardaşım hazırda Maxaçkalada işləyir.

Yurik Suriyaya getməmişdən öncə evdəkilərə deyib ki, mən haqq, ədalət uğrunda savaşmağa gedirəm. O, Suriyada günahkarları öldürəcəyini deyib. Biz Yurikə dedik ki, döyüşmək istəyirsənsə, Suriyaya yox, Qarabağa getmək lazımdır. O dediyini elədi və Suriyaya getdi”.



Əmisi hesab edir ki, Yurik İŞİD rəhbərliyinin təzyiqi ilə Şeyxülislam Allahşükür Paşazadə haqda xoşagəlməz fikirlər səsləndirib.

“Onu pis yola çəkiblər. Yurik heç vaxt belə deməzdi. Biz onun yolunu gözləyirik. İnanırıq ki, qardaşım oğlu tezliklə öz ailəsinin, yaxınlarının yanına qayıdacaq”

“Qafqazlı Abdulla” ləqəbli Yurik Xasıyevin anası Səkinə Xasiyeva əməkdaşımızla söhbətində oğlundan xəbərsiz olduğunu deyib.

“Oğlum xeyli vaxtdır bizimlə əlaqə saxlamır. O, yaxşı övlad idi. Heç vaxt kiməsə qarşı hörmətsizlik etməzdi. Oğlumu pis yola çəkdilər. Bəlkə də Yuriki Suriyaya məcbur aparıblar. Heç nədən xəbərimiz yoxdur. Oğlumdan narahatam. Heç bir ana övladının bu yola düşməsini istəməz. Oğluma demək istəyirəm ki, qayıdıb evimizə gəlsin”.



Qonşuların bildirdiyinə görə, “Qafqazlı Abdulla”nın qardaşı Radik də radikal dindardır: “Yurikin iki qardaşı var. Bir qardaşı 9-cü sinifdə oxuyur. Digər qardaşı Radik keçmiş hərbçidir. O, hərbi xidmətdə olan zaman qanun pozuntusuna yol verdiyi üçün həbs olunmuşdu. İki aydır həbsdən çıxıb. Radik Yurikin yolunu gedir. O, qardaşı kimi uzun saqqqal saxlayır, şalvarının ətəyi də qısadır. Radik kənddə heç kimlə danışmır. Onun öz dünyası var.

Yurik bizim kənddən Suriyaya gedən tək insan deyil. Kəndimizdən çox adam İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Bu gün ağıllı, sakit bildiyimiz uşaq sabah saqqal saxlayıb Suriyadan video paylaşır”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti