Şeyx səfirlərlə görüşdü

Şeyx səfirlərlə görüşdü
  03 Avqust 2015    Oxunub:1069
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfir Azərbaycanda diplomatik xidmətdə olduğu 9 ili ömrünün dəyərli illəri kimi qiymətləndirdiyini bildirib.

Səfir qeyd edib ki, beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verən QMİ sədri Şeyxülislam A. Paşazadə Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edib.

Belarus səfirinə Azərbaycan və Belarus xalqları, dövlətləri arasında bütün müstəvilərdə əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirən Şeyxülislam A. Paşazadə N. Patskeviçə gələcək fəaliyyətində uğurlar diləyib.

Bu gün QMİ sədri Şeyxülislam A. Paşazadə həmçinin Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanı qəbul edib. Görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb. Ölkəsindəki dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən səfir V. Pivonka Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.

QMİ sədri Şeyxülislam A. Paşazadə 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə qonağı məlumatlandırıb.

Hər iki görüşün sonunda səfirlərə xatirə hədiyyələri təqdim olunub.


Teqlər:





Xəbər lenti