Şəxsiyyət vəsiqəsindən pul çıxara biləcəyik

Şəxsiyyət vəsiqəsindən pul çıxara biləcəyik
  22 Dekabr 2014    Oxunub:11393
Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncama əsasən, yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi nəzərdə tutulur.

AzVision.az Vergi qəzetinə istinadən xəbər verir ki, fərdiləşdirilmə zamanı şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş qanuna əsasən tətbiq edilir.

Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirildiyinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri bir çox texniki və innovativ üstünlüklərə malikdir. Burada biometrik texnologiyaların bir çox elementləri tətbiq olunacaq. Ən əsası, bu sənədləri əldə edən şəxslər həm də «Elektron imza» kartı sahibi olacaqlar.

Nəticədə bu vəsiqə ilə elektron sənədləri də imzalamaq mümkün olacaq. Ən maraqlı yeniliklərdən biri də odur ki, bu sənədlərdən nağdsız hesablaşmaların aparılması və elektron ticarət üçün istifadə olunacaq. Kartların elektron daşıyıcıları elektron ticarət və digər qeyri-nağd əməliyyatlar həyata keçirməyə imkan verəcək. Hazırda bu mexanizmin yaradılması üçün müvafiq qurumlar bir sıra texnoloji məsələləri həll etmək üzərində çalışır.

Yeni vəsiqələrlə Azərbaycandan xaricə gedib-gəlmək imkanı yaradılacaq. Dövlət başçısının sərəncamında DİN-ə və DSX-yə tapşırılıb ki, nəzarət-buraxılış məntəqələrinin proqram-texniki təminatı yeniliyə uyğunlaşdırılsın. Nazirliyin məlumatında bildirilir ki, yeni şəxsiyət vəsiqələrinin yaradılması elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını təmin edəcək.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq. Yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqələrdə vətəndaşın biometrik texnologiyalar əsasında bütün əlamətləri və fizioloji xüsusiyyətləri təsvir olunub. Barmaq izi, gözün torlu və quzehli qişaları, sifət şəkli, əlin həndəsəsi, ovcun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yerişi və s. sənəddə xüsusi cizgilərlə öz əksini tapıb. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Şəxsiyyət vəsiqələri «Elektron hökumət» portalından yararlanmaq üçün də əhəmiyyətlidir. Sənədin köməyi ilə portal üzərindən «vahid pəncərə» prinsipinin reallaşdırılması nəzərdə tutulur ki, bu da elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını təmin etməklə yanaşı, bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin genişləndirilməsini təmin edəcəkdir.

Ümumiyyətlə, yeni şəxsiyyət vəsiqələri dövlətin yeni elektron xidmətlər şəbəkəsinin tərkib hissəsi olmaqla, informasiya texnologiyalarının insan həyatına geniş nüfuz etməsinin göstəricisidir. Məqsəd dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin çeşidinin yüksəldilməsi, bu istiqamətdə görülən işlərin operativ həlli və bürokratik əngəllərin aradan qaldırılmasıdır. Biometrik texnologiyaların tətbiqi sayəsində vətəndaşlar tamamilə bürokratik maneələrdən azad olur, sənəd təqdim etmələri və digər məsələlərlə bağlı işləri asanlaşır. Bu texnologiyaların geniş tətbiqi nəticəsində birbaşa şəxsiyyəti təsdiq edən pasport, viza və digər sənədlərin əldə olunması şəffaf və operativ şəkildə həyata keçirilir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri e-hökumətin identifikasiya sisteminin ən vacib komponenti kimi yüksək qiymətləndirilməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti