Şəraitsiz anbarlarda dərmanlar aşkarlanıb

Şəraitsiz anbarlarda dərmanlar aşkarlanıb
  30 İyun 2016    Oxunub:2070
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində ölkədə fəaliyyət göstərən 40-a yaxın topdansatış əczaçılıq şirkətlərinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, toplantıda çıxış edən Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi bəzi topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması üçün aparılan laborator analizlərin cavabları hazır olana qədər onların saxlanma şəraiti haqda danışıb.

Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur. Bu vaxt ərzində Dövlət Gömrük Komitəsi tərəfindən şirkətlərə məsul saxlanca verilən dərman vasitələrinin topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkar edilib.

Mərkəzin rəhbərliyi lazımi avadanlığı və şəraiti olmayan anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə bir başa təsir göstərdiyini, həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Toplantının sonunda şirkət nümayəndələrinin sualları cavablandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti