Seymur Həzi xuliqanlıq üstündə tutuldu

Seymur Həzi xuliqanlıq üstündə tutuldu
  30 Avqust 2014    Oxunub:1726
Seymur Həzi xuliqanlıqda ittiham olunur.
Avqustun 29-da günorta saatlarında AXCP Rəyasət Heyətinin üzvü, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. AXCP yetkilisi bu barədə vəkil Elton Quliyevə xəbər verib. O, Cinayət Məcəlləsinin 221.1 maddəsi( xuliqanlıq) ilə təqsirli bilinir.

Elton Quliyev musavat.com-a açıqlamasında AXCP üzvünün həbs edilmə ehtimalının daha yüksək olduğunu söyləyib: “Bu maddə irəli sürülübsə, həbs olunma ehtimalı daha yüksəkdir”.

Vəkil axşam saatlarında polis idarəsindən çıxıb və açıqlama verib: “Seymur Həzi evdən şəhərə gələrkən, Ceyranbatanda tanımadığı şəxs ona yaxınlaşıb, facebookda yazdığı mesaja nə üçün cavab vermədiyini soruşub. Ardınca cavab gözləmədən hücum edərək, onu vurub. Seymur özünü müdafiə etmək istəyib. Bu zaman onun əlində plastik su qabı olub. Məcbur olaraq, su qabını həmin adama tərəf atıb. Hazırda istintaq işləri aparılır”.

Vəkil qeyd edib ki, Seymur Həzi 221.3 maddəsi (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) ilə şübhəli şəxs qismində saxlanılıb. Avqustun 30-da AXCP üzvünə qarşı ittiham elan edilərək, barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.


Teqlər:  





Xəbər lenti