Selin bagladığı yol açıldı

Selin bagladığı yol açıldı
  03 Avqust 2015    Oxunub:1515
Ötən gün axşam saatlarında Quba rayonunun “Qızılqaya” deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olub.
Hadisə yolun 56-cı kilometrliyində, Xınalıq kəndinə təqribən 1 km qalmış qeydə alınıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzVision.az- a daxil olan məlumata görə, güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1,5 metr olan iki suötürücüsünün girişini tutub, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb.

Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olub. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.

“Azəryolservis” dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnika və lazımi sayda canlı qüvvə səfərbər edib. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, Quba-Xınalıq və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
"Bundan sonra yolun açılması istiqamətində təxirəsalınmaz işlərə başlanılıb.

Güclü selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə boyu və bu gün davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənib. Bu gün günorta saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


Teqlər:  





Xəbər lenti