Səlim Müslümov şəhid ailələrinə söz verdi
Qəbul zamanı müraciətlər əsasən mənzil və minik avtomobilləri, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Əmək hüquqlarının təminatı, ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib.
S.Müslümov nəzərə çatdırıb ki, cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub.
Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir və 2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək.
Nazir bildirib ki, ümumiyyətlə, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas əhali kateqoriyalarının sosial müdafiəsinin aktiv vasitələrlə dəstəklənməsi, onların səmərəli məşğulluğunun təmin olunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yönündə də fəaliyyət gücləndiriləcək.
Qəbulda S.Müslümov hər bir müraciətdə əksini tapan məsələlərin diqqətlə araşdırılması və ədalətli həlli ilə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Həmçinin nazir tərəfindən verilən müvafiq göstərişlərə əsasən, ayrı-ayrı vətəndaşların reabilitasiya vasitələri, məşğulluqlarının təminatı, nazirliyin bərpa mərkəzlərində müalicə kursuna qəbul edilmə, peşə hazırlığına cəlb olunma və s. üzrə müraciətləri elə yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunub.
AzVision.az