Sekuta köçkünlərlə görüşüb – FOTO

Sekuta köçkünlərlə görüşüb – FOTO
  04 Mart 2015    Oxunub:1360
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta məcburi köçkünlərlə görüşüb.
AzVision.az xəbər verir ki, Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov amerikalı diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat veriblər.

Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var.

Sonra diplomat tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların rəqsinə baxıb.

Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat ailənin üzvləri ilə söhbət edib.

Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: “Bu gün müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək, Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasıdır”.

Bu istiqamətdə fəaliyyətin genişləndirilməli olduğunu vurğulayan səfir qeyd edib ki, keçmişdə görülən işlərə, indiki vəziyyətə nəzər salmalı və gələcəklə bağlı planlar qurmalıyıq. İki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.


Teqlər:  





Xəbər lenti