Səfirimiz etimadnaməsini baş direktora təqdim edib

Səfirimiz etimadnaməsini baş direktora təqdim edib
  23 Avqust 2016    Oxunub:1295
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru xanım Sahle-Vork Zevdeyə etimadnaməsini təqdim edib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, E. Abdullayev Azərbaycanın BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılığından söz açan səfir BMT-nin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini vurğulayaraq, BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əmin olduğunu həmsöhbətin diqqətinə çatdırıb.

Söhbət zamanı Azərbaycan səfirliyinin ilk dəfə olaraq BMT-nin Nayrobi şəhərindəki bölməsində akkreditasiya olunmasından sonra ölkənin mənzil-qərargahları Nayrobi şəhərində yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) proqramları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl səylərin həyata keçiriləcəyi qeyd edilib.

Baş direktor Sahle-Vork Zevde Azərbaycanla BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlığa hazır olduğunu qeyd edərək, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti