Səfirimiz Dövlət Departamentində müzakirələrə qatıldı

Səfirimiz Dövlət Departamentində müzakirələrə qatıldı
  18 Yanvar 2017    Oxunub:1561
Dövlət Departamentində yeni administrasiyanın xarici siyasəti müzakirə edilib.
AzVision.az xəbər verir ki, 17 yanvar tarixində Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərə dair konfrans keçirilib.

Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbirdə natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış edib. Konfransda Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər iştirak edib.

Səfir E.Süleymanov öz çıxışında Azərbaycan-ABŞ mövcud münasibətlərinin tarixi barədə danışmış, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırlatmışdır. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.

Konfransın sual-cavab hissəsində natiqlər iştirakçıların çoxsaylı suallarına cavab vermiş və xarici siyasi məsələlərə dair öz fikirlərini bölüşüb.

Qeyd edək ki, 1960-cı ildə yaradılmış Amerika Xarici Siyasi Xidməti Assosiasiyası ən qədim qeyri-hökumət təşkilatlarından biri olmaqla əsas vəzifəsi ABŞ diplomatik icmasına dəstək verməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti